Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq - Prezident

Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq və bir daha xalqımızın böyüklüyünü göstərdik.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib:

“Hadrut əməliyyatından sonra bizim şərəfli missiyamız davam etdi. Hələ müharibənin başa çatmasına bir ay qalmışdı və əlbəttə ki, biz daha böyük inamla, daha böyük iradə ilə öz şərəfli missiyamızı davam etdirdik. Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Biz faktiki olaraq Laçın dəhlizinə çıxmışdıq və Laçın dəhlizini nəzarətdə saxlayırdıq. Artıq Ermənistan başa düşməli idi ki, onlar məğlub olacaqlar, məğlubiyyət qaçılmazdır. Ancaq buna baxmayaraq, öz namərd əməllərindən əl çəkmədilər. Bizim dinc şəhərlərimizi uzaqmənzilli ballistik raketlərlə atəşə tutdular. Bunun nəticəsində 100-dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak oldular. Azərbaycan Ordusu isə bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı. Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq və bir daha xalqımızın böyüklüyünü göstərdik. Bizim hədəflərimiz ancaq düşmənin hərbi birləşmələri, silahları, texnikaları və silah anbarları idi”.

Gununsesi.info