“Biz kolxozda da bir yerdə olanda oğurlayırdıq” – İqbal Ağzadə

  • By admin
  • 10 Fevral 2021 21:19

“Bir bəlamız, bir faciəmiz də var. Biz bir yerdə ola bilmirik. Biz kollektiv oyuna, kollektiv mübarizəyə öyrənməmişik, kollektiv uğurlar qazanmağın yollarını aramamışıq. Daha çox fərdiyyətçiyik. Əslində fərdiyyətçilik bizi bu günə qoyub. Yoxsa, inanın ki, o qədər intellektual fərdimiz var ki, bir-birimizdən ayrı düşmüşük. Bir az da içimizdə qısqanclıq var. Bir az da niyə mən yox, o. Təbii ki, təşkilat olanda, kollektivçilik olanda biri bir az irəlidə, biri bir az geridə olur. Amma məhsulu bölmək anlayışımız yoxdur. Biz kolxozda da bir yerdə olanda oğurlayırdıq. Kolxos sədri oğurlayırdı, zootexnik oğurlayırdı, bir başqası oğurlayırdı. Kolxozçuya kiçicik bir hissəsi gəlib çatırdı. O təfəkkür əslində bizi elə tərbiyələndirib ki. biz yenə də bir yerdə olmaqdan çəkinir, birgə qazandığımız məhsulun başımızda dayananlar tərəfindən oğurlanacağını dərk edərək, düşünərək biri-birimizdən qaçırıq. Yoxsa, intellektlərimiz həddən artıq çoxdur”.

Gununsesi.info-ın xəbərinə görə, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə bildirib: “Gəlin, açıq danışaq. Əvvəla, bunun köklü səbəbləri var. Millət kimi formalaşmaq çətin bir prosesdir. Millət kimi formalaşmağa son yüz ildə başlamışıq, hələ də başa çatmamışıq. Digər millətlər də var hələ də millət kimi formalaşmanı başa çatdıra bilməyiblər. Milləti formalaşdıran iki amil var, biri ordu, biri məhkəmə. Ordu milləti xarici müdaxilədən qoruyur, məhkəmə isə daxildəki ədalətsizlikdən. Və beləcə insan, vətəndaş formalaşır. Məhkəmə dövlət adına qərar verir. Ədalətli qərar verəndə həmin ölkə insanı cəsarətli olur. İnsanları cəsarətli edən hüquqdur. İnsanların hüququ veriləndə o heç kimdən qorxmur. Fiziki cəhətdən güclü olandan da qorxmur, qanun əlində olandan da qorxmur, məmur olandan da, nazir olandan da qorxmur, polisindən də qorxmur. Gedib hüquqa müraciət edir, hüquq onun haqqını verir və o da cəsarətli olur. Deyir, mənim haqqıma heç kim girə bilməz. Azərbaycanda təbiət imkan verməyib insanlar cəsarətlənə, məhkəmə imkan verməyib, ordu imkan verməyib”- deyə İqbal Ağazadə əlavə edib.

Onun sözlərinə görə, 44 günlük müharibənin doğduğu insan tamam fərqli insan olacaq. Çünki ilk dəfədir ordu qalibiyyət ordusuna çevrilib.

“Proses tam bitməyib. Lakin bu mərhələyə qədər doğulan artıq qalibiyyət insanıdır. Bir də məhkəmə ona cəsarət versə, bu insanın qarşısında dayanmaq olmaz. Ona görə, Avropada insan daha cəsarətlidir. Onu hüquq yetişdirib, ona hüquq cəsarət verib. Təəssüf ki, bunların heç biri cəmiyyətimizdə yoxdur. Bizdə hələ də hüquq hadisələrinin baş verməməyinin köklü səbəbi var. Almanlar baxmayaraq ki, dağınıq halda Prussiya, Avstriya və başqa bir neçə dövlətdən ibarət olublar, sonradan onları Otto Fon Bismark birləşdirdi. Bundan sonra Almaniyada bir Almaniya təfəkkürü formalaşdı, bəlli bir dövrdən sonra Fransada bir Fransa, İngiltərədə bir İngiltərə təfəkkürü formalaşdı. Bizdə bu, olmayıb. Biz gah monqol olmuşuq, gah tatar olmuşuq, gah hakimiyyətdə başda duran Azərbaycan türkü olsa da, farsların tərkibində olmuşuq, gah sadəcə müsəlman və yaxud da “musurman” olmuşuq. Sonra xanlıqlara parçalandıq. Xanlıqlar özü – özünü dolandırmağa başladı. Biz sadəcə Cümhuriyyət dövründə dövlət, dövlətçilik ənənələrini görmüşük. Sonradan yaşadıqlarımızdan, məğlubiyyətlərimizdən və s.-dən dolayı adamlarımızı tərbiyə edə bilmədik. Üç cür tərbiyə var – fərdi tərbiyə, qrup tərbiyəsi və dövlət tərbiyəsi. Üç cür də maraq var – fərdi maraq, qrup marağı və dövlət marağı. Biz fərdi cəhətdən çox yaxşı tərbiyə olmuşuq: yaxşı oğuluq, qızıq, ailə başçısıyıq. Fərdi maraqlarımızı da qoruya bilirik. Baba, nəvə, nəticə. Ailəcanlıyıq. Bizim qrup tərbiyəmiz də pis deyil – ailə tərbiyəmizə çox yaxındır. Tayfa, el-oba, hətta kənd. Bir də var, dövlət tərbiyəsi, dövlət marağı. Dövlət olmadığına görə, bayaq qeyd etdiyimiz kimi ordu və məhkəmə olmadığına görə, – halbuki bizi o tərbiyə etməli idi – biz vətəndaş ola bilməmişik”.

Gununsesi.info