Biz Rusiya ilə maraqlarımızı uzlaşdırmağı bacarmalı və müttəfiq olmalıyıq -Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info- ya müsahibə verib.

Həmin müsahibəni  təqdim edirik:

HTML tutorial

-Qüdrət bəy, Soçidə üçtərəfli görüşdə qəbul olunmuş Bəyanata münasibətinizi bilmək istərdik?

-Bu, Azərbaycanın növbəti ciddi uğurudur və buna görə vətəndaşlarımızı təbrik etməyə dəyər. Bəyanatda vurğulanır ki, tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini və dövlət sərhədlərinin toxunulmazlığını tanıyırlar. Praqada əldə olunmuş razılaşma Rusiyanın iştirakı ilə bir daha təsdiq olundu. Rusiya Federasiyasının Prezidenti Putinin Valday klubundakı çıxışından sonra belə bir sənədin altına imza atması Bəyannamənin dəyərini xüsusilə artırır. Çünki bölgəyə sülhün gəlməsi Rusiyanın xoş niyyətindən çox asılıdır.

-Putinin belə bir Bəyannaməni imzalaması sizin üçün sürpriz olmadı ki?

-Müəyyən mənada oldu. Görünür Putinə çatdırmışdılar ki, onun Valday klubundakı çıxışı Azərbaycanda necə böyük hiddətlə qarşılanıb və həmin mövqenin üzərində dayanmaq Azərbaycanın itirilməsi ilə nəticələnə bilər. Amma onu da söyləyim ki, üçtərəfli görüşdən öncə mətbuatın qarşısında Rusiya Prezidenti ilə görüş zamanı İlham Əliyevin söyləməsi ki, Qarabağ münaqişəsi 2 il öncə bitib və bu məsələ müzakirə mövzusu deyil, bu artıq qürurverici və həlledici an idi. İlham Əliyevdən fərqli olaraq Putin və Paşinyan görüşə qədər ortaya Azərbaycanı qane etməyən açıq mövqe qoymuşdular. Əminəm ki, onlar İlham Əliyevin bu qədər qətiyyətli və uğurlu bir cavabının olacağını proqnozlaşdıra bilməmişdilər. Putin İlham Əliyevin bu mövqeyinə etiraz etmədi, çünki Vətən müharibəsindən sonra o, Şoyqu başda olmaqla öz nazirlərinə efir qarşısında göstəriş vermişdi ki, münaqişə artıq bitib və münaqişə sözünü bir də artıq heç kim dilinə gətirməsin.

-Siz tərəflərin sona qədər səmimi olacağına inanırsınızmı?

-Dövlətlərarası münasibətlərdə səmimiyyətdən çox qarşılıqlı maraqlar mühüm əhəmiyyət kəsb edir. Biz Rusiya ilə maraqlarımızı uzlaşdırmağı bacarmalı, onu inandırmalıyıq ki,onunla səmimi dost və müttəfiq olmaq istəyirik, onun regiondakı maraqlarını nəzərə alırıq və onu bölgədən çıxarmaq haqqında düşünmürük, amma suverenlik və ərazi bütövlüyü məsələsi bizim üşün keçilməsi mümkün olmayan qırmızı xəttdir. Rusiya buna qəsd etsə, nələrinsə xətrinə bizim marqları Ermənistana satmaq istəsə bu, münasibətlərimizin sonu olacaq. Təəssüf ki, hal-hazırda Rusiyasız, ikitərəfli əsasda bölgədə sülhə nail olmaq çətin, bəlkə də mümkünsüzdür. Rusiyanın başqalarından müqayisə olunmaycaq qədər çox sülhə töhfə vermək imkanı var. Ona görə ilk növbədə Rusiya ilə, beynəlxalq tərəfdaşlarımızla, müttəfiqlərimizlə, o cümlədən İran və Fransa başda olmaqla Ermənistanın tərəfdaşları ilə də yorulmadan işləməliyik. Çalışmalıyıq hər kəsi inandıraq ki, regionda beynəlxalq hüquqa söykənən sülh hamının maraqlarına cavab verir. Mətbuatdan öyrəndim ki, İsraildə səfirliyimizin açılması istiqamətində danışıqlar aparılır. Bu proses sürətləndirilməli, tezliklə Təl-Əvivdə səfirliyimiz, Şuşada Türkiyə konsulluğu açılmalıdır. Peşəkar ordu qurmalıyıq. Büdcə xərclərinin 25% -i müdafiəyə ayrılmalı, iqtisadiyyatın əsas sahələrini dövlətin nəzarətindən çıxarılmalıyıq. İqtisadi və məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir. İqtisadiyyatımıza investisiya qoyuluşunu artırmaq üçün mülkiyyət toxunulmazlığını təmin edəcək səviyyədə qanunun aliliyini təmin etməliyik. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoymaq üçün dövlətin nəzarət etdiyi iqtisadiyyatdan imtina edib bazar iqtisadiyyatına keçməliyik. Yalnız güclü müttəfiqləri, böyük hərbi və iqtisadi gücü, beynəlxalq nüfuzu, azad və təşəbbüskar vətəndaşı olan Azərbaycan dövləti torpaqlarımızı qoruya, xalqımızın təhlükəsizliyini təmin edə bilər.

Gununsesi.info