Amerikanın Səsi: Azərbaycan-Amerika siyasi, iqtisadi, ticarət və humanitar əlaqələrinin hazırki durumunu qaneedici hesab etmək olarmı? Əlaqələrin inkişaf potensialı varmı?
Mehman Əliyev: Əslində, enerji, təhlükəsizlik, beynəlxalq terrorizmlə mübarizə sahələrindən başqa ciddi bir əməkdaşlıq görmürəm. Potensial böyükdür. Əgər biz potensialdan danışırıqsa, birinci növbədə insan faktoru, Azərbaycan xalqı kifayət qədər böyük potensiala malikdir. Resusurslar nöqteyi nəzərindən kifayət qədər potensialı işə salmaq olar. Üçüncüsü, biz, Amerikadan danışırıqsa, Amerika dövlətinin özü kifayət qədər böyük potensiala malikdir. Onun Azərbaycanda layihələrdə iştirakını Trampın prezident İlham Əliyevə göndərdiyi məktubda deyildiyi kimi “Azərbaycanı demokratik, firəvan və sülh şəraitində inkişaf edən bir dövlət kimi görmək istərdik.” Yəni, Azərbaycan bütün bu faktorları işə salsa bunlara nail ola bilər. Amma bu gün bu faktorlar işə salınmayıb. Mən hesab edirəm ki, bugünkü durum ölkədə iqtisadi, sosial, sistemli böhran vəziyyətinin olduğunu göstərir, cəmiyyətdə narazılıq var. Bu onu göstərir ki, bu faktorlar işə salınmayıb və öz vaxtını gözləyir.
Amerikanın Səsi: Ötən ilin sonlarında bir neçə Amerika şirkəti Azərbaycandakı neft-qaz layihələrindən çıxacağını elan edib. Sizcə buna səbəb nədir? Azərbaycandakı mövcud islahatalar Amerika biznesinin fəaliyyəti üçün bəs edirmi?
Mehman Əliyev: Əslində, mən hesab edirəm ki, bu siyasi gedişlərdir. Çünki “Exxon Mobil” kimi şirkətlər, onlar nəhəng layihələrdə iştirak edirlər. Onların Azərbaycanda təmsilçiliyini, sadəcə olaraq, Azərbaycana nüfuz gətirən bir faktor kimi görməliyik. Onların başqa bölgələrdə, deyək, Səudiyyə Ərəbistanında, Meksikada və başqa yerlərdə istehsal etdikləri güc Azərbaycanda yoxdur. Bunu qeyd etmək lazımdır. Azərbaycanda əslində getdikcə neftin istehsalı düşür və bunu hamı bilir. Onların buradan getməyi, mən hesab edirəm ki, iqtisadi faktora bağlı deyil. Sadəcə olaraq, bu, siyasi gedişdir. Azərbaycanda islahatlara gəldikdə müəyyən dərəcədə islahatlar gedir. Əslində ABŞ bunu vurğulayır. Trampın Azərbaycan prezidentinə və xalqa Respublika Günü və neft sərgisi ilə bağlı sonuncu iki müraciəti oldu. Hər iki müraciətdə onu vurğulayır ki, potensial var, istərdilər ki, bu potensialı işə salsınlar. İstərdilər ki, ABŞ-ın biznes dairələri Azərbaycanda layihələrdə iştirak etsin. Onu da bildirdilər ki, həmən o islahatların keçirilməsini geniş şəkildə gözləyirlər. Buna çağırırlar. O deməkdir ki, hələ gözləntidir. Əlbəttə ki, orada qeyd olunur ki, çox vacib məsələlər var. Hüquq islahatlarının aparılması. Çünki hər şey hüquqa bağlanır. Yəni, bizdə hüquq sistemi özəl, yerli biznes və ya xarici biznes üçün heç cür hüquqi imkanlar yaratmır. Bu baza kifayət qədər zəifdir. Ona görə də o müraciətdə bildirilir. Demək istəyirəm ki problemlər var.
Amerikanın Səsi: ABŞ prezidenti Respublika Günü münasibəti ilə təbrikində Azərbaycanda islahatları, xüsusilə qanunun aliliyi istiqamətində islahatları alqışaldığını bildirib, tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini arzulayıb. Azərbaycan prezidenti də bəyan edib ki, Azərbaycan-Amerika əlaqələri daha da möhkəmlənəcək. Bu fonda iki ölkə arasında əlaqələrin inkişaf prioritetləri necə olmalıdır?
Mehman Əliyev: Əslində həmin müraciətdə Tramp konkret olaraq bildirir. Energetika sahəsində problem yoxdur, yəni inkişaf var və əməkdaşlıq var. Terrorizmlə, beynəlxalq terrorçuluqla bağlı əməkdaşlıq var. Bu sahədə də demək olar ki, əməkdaşlığı yüksək qiymətləndirirlər. Sadəcə olaraq islahatlarla bağlı bildirirlər ki, başlayan islahatları alqışlayırlar, amma bu islahatların geniş və uğurlu aparılmasını gözləyirlər. Bu mənada mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın bu günki ən vacib prioritetləri odur ki, həmin bu sahələrdə, demokratiyanın inkişafı, iqtisadi və başqa sahələrdə, o cümlədən hüquq sistemində reformaların aparılmasıdır. Əsas prioritetlər budur. Çünki o biri prioritetlər artıq işlək vəziyyətdədir. Orada bir problem yoxdur. Əsasən bu məsələlər qalıb. Hansı ki, öz həllini hələ ki, tapa bilmir. Ona görə də prioritetləri bu istiqamətdə axtarmaq lazımdır. Mən indi demokratik islahatların çərçivəsini açmaq istərdim. Demokratik islahatlar deyəndə, birinci növbədə əlbəttə, mətbuatın azadlığı, söz azadlığı, insan haqlarına hörmət, hüquq-məhkəmə sisteminin azadlığı, vətəndaş cəmiyyətinin aktiv və müstəqil formada inkiafı nəzərdə tutulur. Yəni vətəndaş cəmiyyətinin Azərbaycan hökuməti ilə partnyorluq (tərəfdaşlıq-red) münasibətlərinin qurulmasından söhbət gedir. Yəni müstəqil münasibətlərdən, hakimiyyətin təsiri və nəzarəti altındfa yox, yəni bunlar partnyorluq səviyyəsində olmalıdır. Bu gözləntilər var. Mən belə başa düşürəm ki, Azərbaycana tərəfi vədlər verib. Azərbaycan nümayəndə heyəti iki ay bundan qabaq ABŞ-da səfərdə olub, orada görüşlər keçirib və vədlər verib ki, islahatlar uzunmüddətli və dərin olacaq. Amma mən qeyd eləmək istəyirəm ki, bəli 51 nəfər siyasi məhbusları buraxdılar. Amma təzədən bizdə siyasi məhbus əmələ gəlir. Yenilərini tutublar. Mətbuat azadlığını deyəndə, biz heç bir addım görmədik. Söz azadlığı ilə bağlı görürük ki, diffomasiya ilə bağlı yenidən cinayət işləri qaldırılır. Yəni, problemlər qalır. Bu sahədə Azərbaycan hakimiyyətinin hansısa geniş bir formada islahatlar aparmasını şəxsən mən hiss etmirəm. Mən hesab etmirəm ki, bu islahatlar həqiqətən də qısa müddətdə və kifayət qədər demokratik olacaq.
Amerikanın Səsi: Amerikanın sərt sanksiyaları şəraitində Azərbaycanda fəaliyyət göstərən İran və Rusiya şirkətləri ilə bağlı Azərbaycanın mövqeyi necə olmalıdır?
Mehman Əliyev: Burada Azərbaycanın mövqeyi kifayət qədər mürəkkəbdir. Çünki İran və Rusiya Azərbaycanın birbaşa qonşularıdır, sərhədləri var. Bu ölkələrlə əməkdaşlıq layihələri, sazişləri var. Real yol dəhlizləri var. Hansılar ki, bu gün işləyir. Ona görə də durum kifayət qədər mürəkkəbdir. Hesab edirəm ki, ABŞ-da da bu məsələləri başa düşürlər. Bolton ötən il Azərbaycana səfər (ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton-red) etdi, danışıqlar apardı. Səfərdən sonra bildirdi ki, Amerika tərəfi bu problemləri başa düşür. Amma hesab edirəm ki, Azərbaycan hökuməti həmən o ABŞ tərəfindən tətbiq olunan sanksiyalar çərçivəsində hərəkət edə bilər. Nə Rusiya, nə də İran ona irad bildirə bilməz. Çünki Azərbaycan onda özü sanksiyalar altına düşə bilər. Mən hesab edirəm ki, bu çox incə məsələdir. Amma məhz bu məsələləri nəzərə alaraq Azərbaycan hakimiyyəti həmin bu çərçivədə hərəkət etməlidir. Əlbəttə ki, burada ABŞ tərəfindən tətbiq olunan sanksiyalar nəzərə alınmalıdır və ona uyğun da hərəkət olmalıdır.
Gununsesi.org