
“Dünyada təhlükəli proseslər baş verir. Bəzi ölkələr tamamilə dağıdılıb, on milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.
Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki ki, miqrantların üz tutduğu Avropada onlara qarşı alçaldıcı hərəkətlərə yol verilir: “Avropada seçkilərə nəzər salsaq, görərik ki, radikal qüvvələr daha çox dəstək alır. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli tendensiyadır. Biz sivilizasiyalararası dialoqdan danışır, ancaq sivilizasiyaların toqquşmasının ilk tendensiyalarını görürük. Bizi narahat edən məsələlər barədə açıq danışmalıyıq”.
Prezident islamofobiyanın təhlükəli olduğunu söyləyib: “Bəzi siyasətçilər, media orqanları islamı terrorla eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən islam ölkələridir. Bəzi Avropa ölkələri deyirlər ki, miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu nədir? Avropada faşizm baş qaldırır? Radikal qüvvələrin daha çox dəstək qazanması narahatlıq doğurur. Biz bu məsələləri açıq şəkildə müzakirə etməliyik”.
***
“Azərbaycanın tarixi Qarabağ bölgəsi və ətrafdakı 7 rayon işğal edilib. Xalqımıza qarşı Xocalısoyqırımı törədilib. Xocalıda öldürülənlər arasında xeyli qadın və uşaq olub”.
Bunu da İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, artıq dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb: “ATƏT işğal olunmuş ərazilərə iki dəfə faktaraşıdırıcı missiya göndərib. Şəhərlərin infrastrukturu, məscidlər dağıdılıb, qəbiristanlıqlar buldozerlərlə məhv edilib. Biz isə Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik”.
İlham Əliyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması tələb olunur: “Ermənistan buna məhəl qoymur, bu isə böyük ədalətsizlikdir. Qətnamələrin icra mexanizmi yoxdur. Bəzən BMT qətnamələri saatlar, günlər ərzində icra edilir, işğalçı cəzalandırılır. Bizə gələndə, bu qətnamələr 20 ildir, icra edilmir. İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası Parlament Assambleyası da belə qərar və qətnamələr qəbul edib. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi olaraq ayrılmaz tərkib hissəsidir. Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”.
Gununsesi.info