Blinken Əliyev və Paşinyanla danışdı - ABŞ "TARİXİ FÜRSƏT"DƏ SÜLH RAZILAŞMASINI İSTƏYİR

  • By admin
  • 26 İyul 2022 09:40

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə danışıb.

Gununsesi.info bildirir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

Dövlət Departamenti rəsminin bildirdiyinə görə, Blinken ölkə rəhbərləri ilə danışıqları zamanı Azərbaycan və Ermənistanın sülhə nail olmaq üçün “tarixi fürsəti” müzakirə edib. Məlumatda bildirilir ki, dövlət katibi regional nəqliyyatın və kommunikasiya əlaqələrinin açılmasına yardımçı olmağı təklif edib.

ABŞ dövlət katibi Blinken bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Tbilisidə baş tutmuş görüşü nümunə göstərərək, ikitərəfli dialoqun davam etdirilməsini təşviq edib.

Eyni zamanda, dövlət katibi Avropa İttifaqının səyləri ilə keçirilən müzakirələrə dəstəyini ifadə etdi. O həmçinin əlavə edib ki, ABŞ 1994-cü ildən etibarən ATƏT-in Minsk Qrupunun həmsədri olaraq, Ermənistan və Azərbaycanın uzunmüddətli və hərtərəfli sülhə nail olması üçün dəstəyini göstərməyə həmişə hazırdır.

Dövlət departamenin sözçüsünün yaydığı məlumatda deyilir ki, dövlət katibi Blinkenin Azərbycan prezidenti İlham Əliyevi hər bir erməni məhbusunun azadlığa buraxılmasına çağırıb.

Ermənistan baş naziri Nikol Paşinyanla söhbətində isə dövlət katibi Blinken Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan müsbət addımları və konkret razılaşmaları yüksək qiymətləndirib.