
ABŞ-ın Yaxın Şərqdəki maraqlarına və qoşunlarına qarşı hücumlara cavab tədbirləri bir neçə mərhələdən və uzun müddət çəkə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.
“Hazırda Yaxın Şərqdə inanılmaz dərəcədə qeyri-sabit bir dövr yaşayırıq. 1973-cü ildən bəri bölgədə indi üzləşdiyimiz dövr qədər təhlükəli bir dövr görməmişik”, – deyə o bildirib.
Gərginliyin bütün bölgəyə yayılmasını istəmədiklərini bildirən Blinken, Amerika qüvvələrini və maraqlarını qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcəklərini də əlavə edib.
ABŞ prezidenti Co Bayden bir gün əvvəl Ağ Evdən verdiyi yazılı açıqlamada İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin tək tərəfli hücumu nəticəsində 3 ABŞ əsgərinin həyatını itirdiyini bildirmişdi.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da hücumda 25 nəfərin yaralandığını, daha sonra isə yaralıların sayını 34-ə çatdırdığını bildirib. Daha sonra Pentaqon yaralananların sayının 40-dan çox olduğunu açıqlayıb.
ABŞ rəsmiləri, xüsusilə Bayden, İranın dəstəklədiyi qrupları hücuma görə məsuliyyət daşıdığını və hücuma ABŞ-ın seçdiyi vaxt və yerdə cavab veriləcəyini bildirib.
Digər tərəfdən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani də İranın sözügedən hücumla əlaqəsi olduğu iddialarını rədd edərək, “Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır” deyib.
Gununsesi.info