ABŞ dövlət katibi Antoni Blinken Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı “soyqırım” iddiası qaldırmasını qınayıb.
Gununsesi bildirir ki, ABŞ dövlət katibinin müvafiq bəyanatları Təl-Əvivdəki təmaslar zamanı verilib.
Bayden administrasiyası hesab edir ki, iddia “dünyanın diqqətini Həmas tərəfindən saxlanılan girovların təhlükəsizliyini təmin etmək, Qəzza zolağında humanitar böhrana həll yolu tapmaq və münaqişənin yayılmasının qarşısını almaq kimi səylərdən yayındırır”.
“Üstəlik, soyqırım ittihamı ədalətsizdir”, – ABŞ dövlət katibi bildirib.
Qeyd edək ki, Bayden administrasiyası Cənubi Afrikanın “soyqırım” ittihamları ilə İsrailə qarşı iddiası ilə bağlı sərt mövqe tutur. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi də yanvarın 3-də iddianı “ədalətsiz” adlandırıb.
2023-cü il dekabrın 29-da Cənubi Afrika İsrailin Qəzzadakı hərəkətlərinin “soyqırım” kimi tanınmasını tələb edərək, Beynəlxalq Ədalət Məhkəməsinə “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı pozduğuna görə İsrailə qarşı iddia qaldırıb.
Cənubi Afrikanın İsrailə qarşı iddiası üzrə dinləmənin yanvarın 11-12-də keçiriləcəyi gözlənilir.
Gununsesi