Bloger Rəşad Ramazanov cəza kamerasına salınıb

  • By admin
  • 24 Yanvar 2017 16:43

 

blogger

2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bloger Rəşad Ramazanov cəza kamerasına salınıb.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  hüquq müdafiəçisi Bəşir Süleymanlı sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

O bildirib ki, Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova bu gün səhər saatlarından indiyədək 2 Saylı Cəzaçəkmə Müəssisəsində onunla görüşməyə cəhd etsə də, görüş verilməyib. Ona bildirilib ki, R.Ramazanov  15 günlük karsa salınıb: “R.Ramazanovun həyat yoldaşı  Könül xanım bildirib ki, Rəşada xaricdən gələn açıqcaları verməkdən imtina ediblər. O da buna öz  etirazını bildirib. Ola bilsin ki, karsa da bu səbəbdən salınıb”.

Bəşir Süleymanlı  bildirib ki, Cəzaçəkmə Müəsisəsinin rəhbərliyi bununla bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, 2013-cü il mayın 9-da həbs olunan bloger Rəşad Ramazanov narkotik ittihamı ilə 9 il azadlıqdan məhrum edilib.

Bloger facebook sosial şəbəkəsində Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlər yazdığına görə həbs olunduğu bildirilir.

Xatırladaq ki, “Amnesty İnternational” Beynəlxalq Hüquq Müdafiə Təşkilatı Rəşad Ramazanovu “Vicdan məhbusu” elan edib.

Gülnaz Qənbərli

Gununsesi.info