BMT adından məşhurlara təltifnamələr, medallar paylayan təşkilat saxta imiş - ARAŞDIRMA

Azərbaycanda vəzifəli şəxslərə, deputatlara medallar, təltifnamələr paylayan təşkilat – Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyi ( UN Council for Public Awards) ciddi qurum deyilmiş.

Gununsesi.info bildirir ki, bunu tanınmış vəkil Aqil Layic araşdırmasında deyib:

“Bir geydirmə şirkət var, bizim məmurlara “təltifnamələr satmaqla” məşğuldur.

Adı isə belədir: Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq Mükafat Birliyi ( UN Council for Public Awards).

Yalandan altına ünvan olaraq Cenevrə, İsveçrə yazıblar, üzərində BMT-nin emblemi də, bu isə insanları aldatmağa yönəlib ki, sanki bu BMT-nin alt qurumudur.

Bu şirkət Rusiyada və Böyük Britaniyada məhdud məsuliyyətli cəmiyyət kimi qeydiyyatdan keçib, işi-gücü ancaq medal və “təltifnamə” satmaqdan və insanlarsa BMT mükafatı çaşqınlığı yaratmaqdan ibarətdir. Bizim mətbuat da geninə-boluna bu mükafatı mötəbər təltif adlandırmaqdadır. Bu geydirmə təşkilat tərəfindən məmurlarımıza verilən mükafatlar:

1) Yaqub Mahmudov– Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “XXI əsrin lider şəxsiyyəti” Beynəlxalq mükafatı(1), Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “Lider”, “Avropa xidmət” və “Avropa lideri ulduzu” ordenləri(2), Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “Sülh səfiri” fəxri titulu(3),

 

2) Abel Məhərrəmov– Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “Sülh səfiri” fəxri titulu, ilin sülh və vicdan ulduzu titulu,

3) Xoşbəxt Yusifsadə– Millətlərin Birləşmiş İctimai Təltif Şurasının “Avropa xidməti” mükafatı,

4) Azərbaycan Tibb Universitetinin (ATU) tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev– eyni şirkət tərəfindən “Avropa ordeni” mükafatı,

5) BDU-nun kafedra müdiri, professor İradə Hüseynova həmin təşkilat tərəfindən BMT-nin “Elm və sülh səfiri” beynəlxalq tituluna və “Avropa Xidmət Ordeni,

6 ) deputat Eldar Quliyev– şirkət tərəfindən Azərbaycanda ilk dəfə olaraq “Korifey” mükafatı,

7) Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyev– innovasiya adamı tituluna layiq görülüb.

Siyahı çox böyükdür və publik olmayan adamları da ehtiva edir. BMT adından verilən bu saxta mükafatlar onları da dilə gətirib və rəsmi münasibət bildiriblər. Bizim belə qurumumuz və ya təşkilatımız yoxdur.”

 

Şəbnəm

Gununsesi.info