BMT-nin baş katibi Antonio Quterreş Fələstin Qaçqınlarına Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandıran ölkələri qərarlarına yenidən baxmağa çağırıb.
Gununsesi.info-nun xəbərinə görə, Quterreş qeyd edib ki, BMT “Oktyabrın 7-də İsrailin cənubunda törədilən terror aktlarında UNRWA-nın bir neçə əməkdaşının əli olduğu” iddialarına dərhal reaksiya verib.
“BMT sisteminin ən yüksək istintaq orqanı olan Daxili Nəzarət Xidmətləri İdarəsi (OIOS) dərhal araşdırmaya başlayıb”, – deyə o qeyd edib.
“Terror aktlarında iştirak edən istənilən BMT əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq”, – deyə BMT-nin baş katibi əmin edib.
Onun sözlərinə görə, katiblik mövcud prosedurlara uyğun olaraq bu şəxsləri məsuliyyətə cəlb edə biləcək istənilən səlahiyyətli orqanla əməkdaşlığa hazırdır.
BMT-nin mətbuat xidməti Qəzza zolağında iki milyondan çox mülki vətəndaşın UNRWA tərəfindən göstərilən həyati yardımdan asılı olduğunu vurğulayıb.
Quterreş UNRWA-nın maliyyələşdirilməsini dayandıran ölkələrin narahatlığını qeyd etdi və vəsaitləri dayandıran hökumətləri ən azı təşkilatın fəaliyyətinin davamlılığına zəmanət verməyə çağırıb.
“Bir çoxu həyat üçün ən təhlükəli vəziyyətlərdə işləyən on minlərlə UNRWA əməkdaşı kollektiv cəzaya məruz qalmamalıdır. Onların xidmət etdikləri çarəsiz əhalinin ehtiyacları ödənilməlidir”, – deyə BMT rəhbəri vurğulayıb.
Bundan əvvəl ABŞ, Böyük Britaniya, Almaniya və Kanada da daxil olmaqla bir neçə ölkə təşkilatın bəzi əməkdaşlarının Fələstinin Həmas hərəkatı ilə əlaqəsi olduğuna dair şübhələr fonunda UNRWA-ya maliyyənin dayandırıldığını elan edib.
Gununsesi.info