BMT-dən Qəzza AÇIQLAMASI: 1,2 milyard dollar lazımdır

  • By admin
  • 03 Noyabr 2023 15:38

Qəzza zolağı və işğal olunmuş İordan çayının qərb sahilində 2,7 milyon insanın ehtiyaclarını ödəmək üçün 1,2 milyard dollar lazımdır.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisində keçirilən həftəlik brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəsmi nümayəndəsi Yens Larke bildirib.

O bildirib ki, işğal olunmuş Fələstin ərazilərində böhran pisləşməyə davam etdikcə, OCHA və tərəfdaşları ilin qalan aylarını əhatə edən yardım üçün təcili müraciət edəcəklər.

“2,7 milyon insanın, yəni Qəzzanın bütün əhalisinin və işğal olunmuş İordan çayının qərb sahilindəki 500 min insanın ehtiyaclarına cavab vermək üçün xərc 1,2 milyard dollar qiymətləndirilir”, – Larke bildirib.

O xatırladıb ki, oktyabrın 12-də Qəzzaya və işğal olunmuş Fələstin ərazilərinə yardım çağırışında təxminən 1,3 milyon insanı dəstəkləmək üçün 294 milyon dollar tələb olunur. “O vaxtdan bəri vəziyyət daha da çıxılmaz hala gəldi”, – deyə o qeyd edib.

Gununsesi.info