BMT-nin Azərbaycandakı rəsmisinin ailə üzvü koronavirusdan öldü

  • By admin
  • 30 İyun 2020 10:47

“Bu yaxınlarda mən də ailə üzvümü bu virusdan itirdim. İnanın, bu təhlükə realdır və yanımızdadır. COVID-19-un qapımızı döyməsini gözləməməliyik”.

Gununsesi.org bildirir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai COVID-19 pandemiyası ilə bağlı “Bunu Azərbaycan üçün edin” adlı müraciətində deyib.

Qulam İshaqzai təəssüflə bildirib ki, COVID-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı doqquz milyonu, ölənlərin sayı isə yarım milyonu keçib.

Q.İshaqzai əlavə edib ki, Azərbaycanda da yoluxanların sayı artır:

“Təəssüf ki, ölənlərin də sayı artır. Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün sadə tədbirləri görməyinizi xahiş edirəm. Fiziki məsafə saxlayın, əllərinizi tez-tez yuyun, tələb olunan yerlərdə maska taxın, onlardan düzgün istifadə edin, zərurət yaranmadıqca evdən çıxmayın, hökumətin tələblərinə riayət edin! Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!”

Gununsesi.org