BMT-nin azərbaycanlı əməkdaşları Şuşada

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Bakı ofisinin azərbaycanlı əməkdaşları Şuşada olublar.

Gununsesi.info xəbər verir ki, səfər oktyabrın 23-ü bu qurumun azərbaycanlı əməkdaşlarının təşəbbüsü ilə təşkil olunub və fərdi xarakter daşıyıb. Təşkilatın əməkdaşları bərpa işlərinin gedişi, görməli yerlər və memarlıq abidələri ilə tanış olub, həmçinin Cıdır düzündə gəzintiyə çıxıblar.

İşğaldan azad edildikdən sonra Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan şəhəri minlərlə qonaq ziyarət edib. Onların arasında çoxsaylı rəsmi şəxslər və müxtəlif ictimai təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan vətəndaşları, o cümlədən Şuşa şəhərinə turizm məqsədilə səfər edənlər də var.

Getdikcə daha çox Azərbaycan vətəndaşı ölkənin işğaldan azad edilmiş ərazilərinə səfər etmək imkanı əldə edir. Məlum olduğu kimi, turizm işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı üçün prioritet sahələrdən biri kimi seçilib. Bu səbəbdən ərazilərə ziyarətçi axınının durmadan artacağı gözlənilir.

Gununsesi.info