BMT-nin Baş katibi müsəlmanları təbrik etdi

BMT-nin Baş katibi Antonio Quterreş müqəddəs Ramazan ayının başlanması münasibətilə müsəlmanları təbrik edib.

 

Gununsesi.info bu barədə təşkilatın rəsmi saytına istinadla xəbər verir.

 

Baş katib təbrik mesajında qeyd edib:

 

“Ramazan ayı sülhün, mətanətin və səxavətin rəmzidir. Bu ay, həmçinin düşüncələr və ibadətlər, bir araya gələrək bir-birini dəstəkləmək dövrüdür”.

 

BMT-nin rəhbəri sonra təəssüflə qeyd edib ki, bir çoxları Ramazan ayını münaqişələr, məcburi köç və qorxu şəraitində qeyd edəcəklər. O vurğulayıb: “Əvvəlcə, Qəzzada baş verən dəhşətli hadisələrdən əziyyət çəkən insanlara öz dəstəyimi və həmrəyliyimi ifadə etmək istəyirəm. Belə ağır vaxtda Ramazan ümid və ümumbəşər dəyərlərin xatırladılması yolunda mayakdır”.

 

Antonio Quterreş fikir ayrılıqlarını aradan qaldırmağa, köməyə ehtiyacı olanları dəstəkləməyə və “bəşər ailəsinin hər bir üzvünün” təhlükəsizliyini gücləndirmək üçün birgə fəaliyyət göstərməyə çağırıb.

 

“Qoy bu müqəddəs ay sülh gətirsin və bizi daha ədalətli və mərhəmətli dünyaya doğru istiqamətləndirsin”, – deyə Antonio Quterreş mesajına yekun vurub.