BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında dərhal atəşkəsə çağırıb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bildirib.
Ümumdünya Təşkilatının rəhbəri xüsusilə Qəzzanın şimalında dinc əhalinin həlak olması, həmçinin İsrailin zərbələri nəticəsində dağıntıların miqyasına diqqət çəkib.
Məlumata görə, İsrail ordusunun əhalinin sıx məskunlaşdığı ərazilərdə uzaqmənzilli partlayıcı silahlardan istifadə etməsi nəticəsində “Hazırda Qəzza zolağında evlərin 60 faizindən çoxu zədələnib və ya dağılıb”.
Qeyd olunur ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağındakı bütün obyektlərinin koordinatlarını münaqişənin bütün tərəflərinə ötürsə də. Buna baxmayaraq, təşkilatın 125 hədəfinə 193 hücum təşkil edilib. Eyni zamanda 308 nəfər həlak olub, orada sığınacaq tapan 1095-ə yaxın fələstinli yaralanıb.
“İsrailin Qəzza zolağında hazırkı hərbi əməliyyatları başlayandan bəri Ümumdünya Səhiyyə Təşkilatı 94 xəstəxana və digər tibb müəssisələrinə, həmçinin 76 təcili yardım maşınına təsir edən 294 hücum qeydə alıb. Bu, səhiyyə sisteminin pozulmasına və 600-ə yaxın insanın ölümünə səbəb olub”, – sənəddə deyilir.
BMT-nin baş katibi həmçinin Qəzzanın şimalında humanitar vəziyyətin ciddiliyini və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.
Quterreş qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında humanitar fasiləyə çağıran 2712 (2023) saylı qətnaməsi,
“Həyata keçirilməkdən çox uzaqdır və irəliləyiş olduqca qeyri-kafi olaraq qalır”.
Gununsesi.info