BMT-nin baş katibi Antonio Quterreş Rusiya-Ukrayna münaqişəsinin başlanmasının ikinci ildönümünə həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Ukraynadakı münaqişə Avropanın ürəyində “açıq yara” olaraq qalır.
Gununsesi.info-nun xəbərinə görə, Quterreş qeyd edib ki, BMT Nizamnaməsi və beynəlxalq hüquq dünyanı müharibədən qorumaq üçün “yol xəritəsi” təmin edir. “Ancaq Rusiyanın Ukraynaya total müdaxiləsi hər ikisini pozdu”, – deyə təşkilat rəhbəri ədalətli sülhü təmin etməyin vaxtının gəldiyini vurğulayıb.
Mövcud dünya düzənini “xaotik” adlandıran Quterreş, güc balansının qeyri-müəyyən olaraq qaldığını, geniş yayılmış qeyri-sabitlik və “toxunulmazlıq” hisslərinin qaldığını bildirib.
BMT-nin baş katibi münaqişə ilə bağlı Ukrayna xalqının çəkdiyi əzablara diqqət çəkib. O qeyd edib ki, 10 mindən çox dinc sakin həlak olub, xəstəxanalar, məktəblər, tibb müəssisələri və digər mülki infrastruktur dağıdılıb. Quterreşin sözlərinə görə, BMT genişmiqyaslı zorakılıqları qeydə alır.
BMT-nin baş katibi qeyd edib ki, “Rusiya ordusu tərəfindən mülki şəxslərə və məhbuslara qarşı işgəncə və cinsi zorakılıq” sənədləşdirilib. “Bütün məsul şəxslər məsuliyyətə cəlb edilməlidir”, o vurğulayıb.
Quterreşin sözlərinə görə, ukraynalı ailələr uşaqlarını itirmək qorxusu ilə yaşayırlar. “Dörd milyona yaxın ukraynalı didərgin düşüb, onlardan bir milyonu uşaqdır. Ölkədə humanitar yardıma ehtiyacı olan 14 milyon insan var”, – Antonio Quterreş bildirib.
O, münaqişənin rus xalqına da ziyan vurduğuna diqqət çəkib. Təşkilatın baş katibi qeyd edib ki, minlərlə rus gənci hazırda cəbhədədir və münaqişənin yayılma riski yüksək olaraq qalır.
Quterreşin sözlərinə görə, münaqişə ərzaq qiymətlərinin artmasına, iqtisadi təlatümlərə və inkişaf etməkdə olan ölkələrə ən çox zərbə vuran qlobal yaşayış böhranına səbəb olub.
Üstəlik, münaqişənin nüvə soyqırımına səbəb ola biləcəyi perspektivi bütün dünyanı narahat edir, o əlavə edib.
“BMT Nizamnaməsinə qayıtmağın və beynəlxalq hüquqa hörməti bərpa etməyin vaxtı çatıb”, – deyə o bildirib.
Gununsesi.info