BMT-nin silah ixracatının pozulmasına dair iclasında Rusiya və ABŞ bir-birini günahlandırıb.
Gununsesi.info xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının silah ixracının pozulmasına dair iclasında Rusiya və ABŞ bir-birini Ukraynaya görə ittiham edib.
BMT-nin tərksilah üzrə ali nümayəndəsi İzumi Nakamitsu Rusiyanın təşkil etdiyi “Silah ixracı ilə bağlı pozuntular” mövzusunda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edib.
Nizamsız və qeyri-qanuni silah ticarətinin beynəlxalq ictimaiyyət üçün ciddi problem olaraq qaldığını vurğulayan Nakamitsu bunun silahlı qarşıdurma, terror və cinayəti təşviq etməklə yanaşı, bütün regionlarda sabitliyi poza biləcəyini söyləyib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia isə iddia edib ki, Qərb ölkələri qondarma “məsuliyyətli” davranışı təşviq edir, lakin onların Ukraynada başlatdıqları böhran bunun əksini göstərir.
ABŞ və Qərb ölkələrinin Ukraynaya silah tədarükünün böyük risklər yaratdığını və beynəlxalq hüququ pozduğunu qeyd edən Nebenzia BMT Təhlükəsizlik Şurasının vəzifəsinin bu problemləri həll etmək olduğunu bildirib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud isə bildirib ki, Rusiya “dezinformasiya” yaymağa çalışır və bugünkü görüş Rusiyanın “qonşuya qanunsuz müdaxiləsini” ört-basdır etmək cəhdidir.
Vud Ukraynadakı problemin “silah ixracı” ilə bağlı olmadığını bildirərək, “Ukrayna işğal olunub. Ona görə də BMT Nizamnaməsinə uyğun olaraq özünü müdafiə etmək hüququ var. Eyni şəkildə beynəlxalq ictimaiyyətin də Ukraynanın müdafiəsinə öz töhfəsini vermək hüququ var” deyib.
Şəbnəm
Gununsesi.info