BMT-nin Qəzzada 152 əməkdaşı ölüb

  • By ilhame
  • 15 Yanvar 2024 22:19

“Oktyabrın 7-dən bu yana BMT-nin 152 əməkdaşı Qəzzada öldürülüb ki, bu da təşkilatımızın tarixində ən böyük insan itkisi olub”.

 

Gununsesi.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş BMT-nin qərargah binasında jurnalistlərə açıqlamasında deyib.

 

BMT Baş katibi oktyabrın 7-də HƏMAS tərəfindən törədilən cinsi zorakılıq hallarının ciddi şəkildə araşdırılmasını və bu cinayətləri törədənlərin mühakimə olunmasını tələb edib:

 

“HƏMAS-ın yüzlərlə İsrail və digər ölkələrin vətəndaşlarının həyatına son qoyan və girovların vəhşicəsinə ələ keçirilməsi ilə nəticələnən dəhşətli 7 oktyabr hücumlarından 100 gündən çox vaxt keçir. Mən hər gün görüşdüyüm ailələrin çəkdikləri əziyyətləri düşünürəm.

 

Bir daha bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirəm. Onlara humanist münasibət göstərilməli və Qırmızı Xaçdan ziyarət və yardım almağa icazə verilməlidir. Bu cinayətlər ciddi şəkildə araşdırılmalı və bunu törədənlər mühakimə olunmalıdır. Heç kimsə mülki şəxslərin qəsdən öldürülməsinə, yaralanmasına və qaçırılmasına və eləcə də, mülki hədəflərə raketlərin atılmasına haqq qazandıra bilməz”.

 

A. Quterreş BMT-nin ağır itkilərinə baxmayaraq bölgədəki missiyasının aktiv şəkildə fəaliyyət göstərdiyini deyib: “BMT-nin əməkdaşları böyük təzyiq altında və heç bir təhlükəsizlik zəmanəti olmadan Qəzzaya humanitar yardımları çatdırmaq üçün əllərindən gələni edirlər. Biz Qəzzaya sürətli, təhlükəsiz, maneəsiz və davamlı humanitar giriş üçün çağırış etməyə davam edirik”.

Gununsesi.info