BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri Filip Lazzarini 7 oktyabrdan bəri İsrailin bombardmanları altında olan Qəzza zolağında 100 minə yaxın insanın öldüyünü, yaralandığını və ya itkin düşdüyünü bildirib.
Gununsesi.info xəbər verir ki, X sosial media platformasında yaydığı açıqlamada Lazzarini Qəzza əhalisinin 80 faizindən çoxunun evlərini tərk etmək məcburiyyətində qaldığını qeyd edib.
BMT rəsmisi Qəzzada 17 min uşağın müdafiəsiz və ya ailələrindən ayrı qaldığına diqqət çəkib.
“Qəzzada 4 ay davam edən müharibədə 100 minə yaxın insan həlak olub, yaralanıb və ya itkin düşüb. Bu, əhalinin təxminən 5 faizinə uyğundur. Şəhərinizdə və ya ölkənizdə bunun nə demək olduğunu asanlıqla başa düşə bilərsiniz”, – deyə o bildirib.
Lazzarini Qəzzada qarşıdurmaların davam etdiyini vurğulayıb. “Müharibə davam edir, lakin qaliblər olmayacaq. Yalnız ağrı, əzab və kədər qalacaq. Atəşi dayandırmaq vaxtıdır. Qəzzada, İsraildə, bölgədəki və ondan kənarda olan digər ölkələrin xalqının rifahı üçün fərqli bir yola ehtiyac var”, 0 qeyd edib.
Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamaya görə, oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 27 478 nəfər həlak olub, 66 835 fələstinli isə yaralanıb.
Gununsesi.info