Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzadakı məktəblərin 30 faizinin birbaşa zərbələrə məruz qaldığını bildirib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında məlumat verib.
Düjarrik BMT-nin Humanitar İşlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatlarına istinadən bildirib ki, bölgədəki yardım işçiləri İsrailin hücumlarının təhsilə təsirini qiymətləndirmək üçün peyk görüntülərini təhlil ediblər.
O qeyd edib ki, Qəzzada 563 məktəb binasından 162-si birbaşa vurulub, bu, bütün məktəblərin 30 faizini təşkil edir, 26 məktəb isə tamamilə dağılıb.
Sözçü əlavə edib ki, təxminən 175 000 şagird və 6 500 müəllim məktəbi zərər çəkib və Qəzzada məktəblərin ən azı 55 faizi tamamilə yenidən tikilməli və ya təmir olunmalıdır.
Qəzzada humanitar yardım əməliyyatlarının çox ciddi məhdudiyyətlərə məruz qaldığını vurğulayan Dujarrik bunun hücumlar, İsrailin məhdudiyyətləri və humanitar yardım karvanlarını atəşə tutması ilə əlaqədar olduğunu bildirib.
BMT rəsmisi humanitar yardımların giriş qapılarına çoxlu sayda nümayişçinin toplanmasının da problemlər yaratdığını bildirib və BMT-nin nəzarətindən kənar faktorlar səbəbindən humanitar yardımın ciddi şəkildə çatışmadığını vurğulayıb.
BMT-nin Baş katibinin İsrailə silah embarqosunun tətbiq edilməsinə çağırış etməməsi ilə bağlı suala Düjarrik belə cavab verib: “Biz ümumiyyətlə hesab edirik ki, pul münaqişəni alovlandıran silahlara deyil, insanların inkişafı və rifahına xərclənməlidir”.
Gununsesi.info