“BMT qətnamələri yerinə yetirilməlidir” sözünü eşitməyə başlamışıq - SƏMƏD SEYİDOV

  • By admin
  • 15 Oktyabr 2020 12:21

“30 il keçdikdən sonra dünyanı danışdırmağa, ədaləti dərk etməyə, Azərbaycanın haqq işinin düzgün olmasına, eşidilməsinə şərait yaradan Azərbaycan Prezidenti, Azərbaycan xalqı oldu”.

Gununsesi.info xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov deyib:

“Birləşmiş Millətlər Təşkilatının 30 il müddətində icra edə bilmədiyi qətnamələrin icrası ilə Azərbaycan Prezidenti, ordusu, xalqı məşğul oldu. Bu gün dünyanı danışdırmağa sövq edən güc Azərbaycan xalqıdır. Bu danışıqlar içərisində qeyri-obyektiv yanaşmalar, ikili standartlar, işğalçıya dəstək vermək cəhdləri var. Bu istiqamətdə bəyanatlar, hərəkətlər, sözlər olsa da,  Azərbayan xalqının qarşısında heç nə dayana bilməz. Ona görə də haqq-ədalət işimizi dünya qəbul edir və etməlidir”.


S.Seyidov bildirib ki, dünya qəbul etmirsə, ikili yanaşmanı gündəmə gətirirsə, biz dünyada sağlam qüvvələrə arxalanaraq, onlarla bir yerdə dünyanı düzgün istiqamətə yönəltməliyik:

“Dünya gücləri Azərbaycanla hesablaşmağa başlayıb. Ən güclü ölkələr Türkiyə, Rusiya Azərbaycan mövqeyinə düzgün yanaşırlar. BMT-də “qətnamələr yerinə yetirilməli idi” sözünü eşitməyə başlamışıq”.

Deputat qeyd edib ki, artıq Şərq, Qərb, Şimal və Cənubda Azərbaycanın haqq sözünə dəstək olan ölkələr, siyasətçilər gündən-günə çoxalır:

“Kim fikirləşirdisə ki, dünya öz-özünə Azərbaycan mövqeyini dəstəkləməyə başlayacaq, bu böyük bir sadəlövlükdür. Erməni hiyləsi buna arxalanırdı ki, yaddan çıxacaq, Azərbaycan dünyanı danışdıra bilməyəcək. Ancaq Azərbaycan dünyanı danışdırdı və haqq yolunda addım atmağa vadar etdi”.