BMT rəsmisi: “Yeddi milyon qaçqın və köçkün. Amma dünya laqeyd qalır”

  • By admin
  • 15 Dekabr 2023 14:34

Sudanda davam edən silahlı münaqişə 7 milyon insanı evlərini tərk etməyə məcbur edib.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi X sosial şəbəkəsində məlumat verib.

“Yeddi milyon qaçqın və köçkün. Amma dünya laqeyd qalır”, – deyə o yazıb.

Sudan ordusu ilə RRF arasında silahlı qarşıdurma aprelin 15-də başlayıb. Toqquşmalara səbəb RRF-nin ordu strukturuna inteqrasiyası məsələsi olub. Paytaxtda başlayan döyüşlər tezliklə ölkənin digər bölgələrinə də yayılıb.

Sudan hökuməti beynəlxalq ictimaiyyəti RSF-ni “terrorçu qrup” elan etməyə çağırıb.

Atəşkəs razılaşmalarına və münaqişə tərəflərinə beynəlxalq təzyiqlərə baxmayaraq, qanlar dayanmır. Paytaxt Xartumla yanaşı, ölkənin qərbində və cənub-qərbində yerləşən 9 əyalətdə də ağır silahların tətbiqi ilə döyüşlər gedir.

BMT-nin məlumatına görə, əhalinin təxminən yarısını təşkil edən 25 milyon sudanlının humanitar yardıma ehtiyacı var. Ordu ilə RRF arasında gedən döyüşlər nəticəsində 10 mindən çox dinc sakin həlak olub, minlərlə insan yaralanıb.

Beynəlxalq ictimaiyyətin atəşkəsə nail olmaq cəhdləri qarşılıqlı ittihamlar və tərəflərin irəli sürülən şərtlərlə razılaşa bilməməsi səbəbindən uğursuz olub.

Sonuncu dəfə münaqişə tərəfləri danışıqlar çərçivəsində noyabrın 7-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində görüşüblər.

Səudiyyə Ərəbistanı, ABŞ və Şərqi Afrikanın İnkişafı üzrə Hökumətlərarası Təşkilatın rəhbərlik etdiyi danışıqlarda tərəflər humanitar yardımın çatdırılmasını asanlaşdırmaq və etimadın möhkəmləndirilməsi tədbirlərini həyata keçirmək üçün addımlar atmağa söz veriblər.

Gununsesi.info