BMT Təhlükəsizlik Şurası ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə bağlı iclas keçirib.
Gununsesi.info-nun xəbərinə görə, iclasda çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə köməkçisi Xalid Hiari deyib ki, “müşahidə olunan zorakılıq dövrü Yəməndə və regionda çox ciddi siyasi, iqtisadi və humanitar təhlükəsizlik nəticələrinə səbəb ola bilər”.
Öz növbəsində Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ və Böyük Britaniyanın rəhbərliyi altında həyata keçirilən zərbələrdən təəssüfləndiyini bildirib.
Rusiyanın daimi nümayəndəsi beynəlxalq ictimaiyyəti “ABŞ-ın rəhbərlik etdiyi bir qrup ölkənin BMT mandatı olmadan Yəmənə qarşı törətdiyi hücumu qətiyyətlə pisləməyə” çağırıb.
Bu arada Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord xatırladıb ki, London dəfələrlə Qırmızı dənizdə husilərin hücumlarını qınayıb.
Daimi nümayəndə Britaniya gəmilərinin husilərin hədəfinə çevrildiyini qeyd edib. “Dünən gecə ABŞ-la məhdud, zəruri və mütənasib addım atdıq” dedi.
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild də Yəmənə endirilən zərbələrin “mütənasib və zəruri” olduğunu deyib.
“Britaniyalı həmkarımdan eşitdiyiniz kimi, bu zərbələr zəruri və mütənasib idi. Onlar beynəlxalq hüquqa uyğun idilər və Birləşmiş Ştatların BMT Nizamnaməsinin 51-ci maddəsində əks olunmuş özünümüdafiə hüququndan istifadə edirdilər”, – deyə ABŞ səfiri bildirib.
Amerikanın daimi nümayəndəsinin sözlərinə görə, zərbələr bütün qeyri-hərbi vasitələr tükəndikdən sonra həyata keçirilib.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden ABŞ və Böyük Britaniyanın Yəməndə Ənsarullah hərəkatının (Husi) hədəflərinə hücum etdiyini bildirib.
Ağ Evin rəhbəri qeyd edib ki, zərbələr “husilərin Qırmızı dənizdə beynəlxalq dəniz gəmilərinə misli görünməmiş hücumlarına birbaşa cavabdır”.
“Bu gün mənim göstərişimlə ABŞ qüvvələri Böyük Britaniya ilə birlikdə və Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husi üsyançılarının istifadə etdiyi bir sıra hədəflərə hava zərbələri endiriblər”, – Bayden deyib.
Gununsesi.info