BMT Türkiyədə zəlzələnin vurduğu zərərin miqdarını açıqladı -FOTO

BMT-nin İnkişaf Proqramının Türkiyədəki rəsmi nümayəndəsi Luiza Vinton zəlzələlər nəticəsində Türkiyəyə dəymiş ziyanın 100 milyard dolları keçə biləcəyini bildirib. Son məlumatlara görə, zəlzələlər nəticəsində 46 104 nəfər ölüb.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Luiza Uintonun sözlərinə görə, zəlzələlər nəticəsində ən böyük dağıntı Türkiyənin Hatay vilayətində qeydə alınıb. Orada yüz minlərlə ev dağıdılıb. Xanım Uinton əyalətdəki vəziyyəti apokaliptik adlandırıb. O, eyni zamanda qeyd edib ki, regionda bütün zərərləri aradan qaldırmaq üçün resurslar kifayət qədər azdır.

Fevralın 6-na keçən gecə Türkiyənin cənub-şərqində 7,7 bal gücündə, həmin gün isə daha bir 7,6 bal gücündə zəlzələ baş verib. Zəlzələlər Suriyaya da təsir edib. Daha əvvəl Türkiyə Daxili İşlər Nazirliyi 4267-si Suriya vətəndaşı olmaqla, 45 968 nəfərin öldüyünü bildirib. Dünya Bankı ilkin olaraq ölkəyə dəymiş ziyanı 34,2 milyard dollar qiymətləndirib.Fevralın 20-də iki ölkənin sərhədində yenidən zəlzələlər baş verib.
Tərcümə: Adil
Gununsesi.info