“Boeing” aviaşirkətlərə “Boeing 787 Dreamliner” təyyarələrində pilot oturacaqlarına quraşdırılmış avadanlığın blokajını sınaqdan keçirməyi tövsiyə edib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.
Qəzetin yazdığına görə, buna səbəb Cənubi Amerikanın “Latam Airlines” məxsus təyyarədə baş verən insident olub. Belə ki, pilotun oturacağında avadanlıq bloklanıb və təyyarə kəskin enməyə başlayıb.
“Latam Airlines” hava yollarına aid hava gəmisində stüardessa pilotun oturacağının arxa hissəsində yerləşən, adətən bağlı olan və uçuş zamanı istifadə üçün nəzərdə tutulmayan açarı işə salıb. Bu, oturacağın qəfil tərpənməsinə və pilotun sükan üzərində idarəetməni qısa müddətə itirməsinə səbəb olub.
“WSJ” mənbəsi belə bir hissənin hazırda təxminən “375 Boeing 787” təyyarəsində tapıldığını dəqiqləşdirib. “Latam Airlines” nümayəndəsi rəsmi araşdırmanın tamamlanmasını gözləyərkən şərh verməkdən imtina edib.
Hadisə martın 11-də baş verib. Uçuşda olan sərnişinlərin “Radio New Zealand”a verdiyi məlumata görə, təyyarə uçuş zamanı kəskin şəkildə aşağı düşüb və təhlükəsizlik kəməri taxmayan sərnişinlər tavana qədər uçublar.
Ümumilikdə, təyyarənin göyərtəsində olan azı 50 nəfər xəsarət alıb, 12 nəfər enişdən sonra xəstəxanaya yerləşdirilib.
Gununsesi.info