Yəməndə İranın dəstəklədiyi husilər Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ hərbi gəmisini vurduqlarını və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdiklərini açıqlayıblar.
Gununsesi.info bildirir ki, Yəmən sahillərində böhran dərinləşir. Husilərin hərbi sözçüsü Yəhya Seri həm Qəzzaya dəstək, həm də ABŞ və İngiltərənin Yəmənə hücumlarına cavab olaraq Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ döyüş gəmiləri ilə toqquşmalara girdiklərini iddia edib.
Bölgədə ticarət gəmilərini qoruyan ABŞ döyüş gəmiləri ilə qarşıdurmanın 2 saatdan çox davam etdiyini bildirən Seri, “ABŞ döyüş gəmilərindən birini vurduqlarını və 2 ticarət gəmisini geri qayıtmağa məcbur etdiklərini” deyib.
Hücumları ballistik raketlərlə həyata keçirdiklərini vurğulayan Seri ABŞ döyüş gəmilərinin müqavimət göstərmə cəhdlərinə baxmayaraq, raketlərin bir hissəsinin hədəflərinə çatdığını iddia edib. Seri hücumlarına Qırmızı dənizdə davam edəcəklərini bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) husilərin yerli vaxtla saat 14:00 radələrində Ədən körfəzində üzən ABŞ bayraqlı ticarət yük gəmisinə doğru 3 gəmi əleyhinə ballistik raket atdığını açıqlayıb.
CENTCOM raketlərdən ikisinin USS Gravely hərbi gəmisi tərəfindən zərərsizləşdirildiyini, digərinin isə dənizə düşdüyünü bildirib.
İranın dəstəklədiyi Yəməndəki husilər, İsrailin Qəzzaya hücumlarına reaksiya olaraq 31 oktyabr 2023-cü ildə İsrail şirkətlərinə bağlı olduqlarını söylədikləri Yəmən sahillərində ticarət gəmilərini ələ keçirməyə və bəzilərinə PUA və raketlərlə hücum etməyə başlayıblar.
ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze dronları vurduqlarını açıqlayıb.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rəfahın Mühafizəçisi” adlı çoxmillətli “dəniz işçi qrupu” yaradıldığını açıqlayıb.
31 dekabr 2023-cü ildə Qırmızı dənizdə İsrailə bağlı gəmini ələ keçirməyə çalışan husilərə aid üç sürətli qayıq ABŞ helikopterləri tərəfindən atəşə tutulub.
Husilər yanvarın 10-da bir ABŞ gəmisinin İsraili dəstəklədiyi səbəbiylə Qırmızı dənizdə raket və kamikadze dronlarla hədəf alındığını açıqlayıb.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası husilərin Qırmızı dənizdəki hücumlarına dərhal son qoyulmasını tələb edən ABŞ və Yaponiyanın yanvarın 11-də təqdim etdiyi qətnaməni qəbul edib.
Qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.
Gununsesi.info