Boko Haram 50 məktəbli qızı azad edə bilər -BİR ŞƏRTLƏ

  • By admin
  • 15 Avqust 2016 10:28

bako

Nigeriyada radikal Boko Haram qrupu oğurlandıqları ehtimal edilən qızları göstərən yeni video paylaşıb. Gununsesi.info bildirir ki, videoda qiyamçıların arxasında dayanmış təxminən 50 qızın şərtlə azad ediləcəyi deyilir. Şərt, Boko Haram döyüşçülərinin geri qaytarılmasııdr.

2014-cü ilin aprelində ölkənin şimalında yerləşən Çibok şəhərinə hücum zamanı qrup 276 qızı əsir tutub, onlardan 219 nəfəri hələ də azad edilməyib.

Bu görüntülər qızların əsir götürülməsindən bəri üçüncü videodur.

Videoda nə göstərilir?

Video silah gəzdirən maskalı bir şəxsin kameraya danışığı ilə başlayır. O deyir ki, qızların bəziləri öldürülüb, bəziləri ölümcül yaralanıb və təxminən 40 nəfəri “evlənib”. “Biz bu qızlara heç nə etmək istəmirik, tələbimiz eynidir”, həmin kişi Hausa dilində deyir. “Hökümətin illərdir həbsdə saxladığı döyüşçülərimizi buraxmağını istəyirik, əks halda, qızları heç vaxt buraxmayacağıq.”

Başqa bir səhnədə isə yerdə cəsədlər göstərilir. Qrup iddia edir ki, cəsədlər hökümətin hava hücumları zamanı öldürdüyü qızlara aiddir. Görüntülərdə çiynindən silah asılmış bir döyüşçünün qızlardan biri ilə müsahibəsi də səhnələşdirilib. Qız özünü Maida Yakubu adlandırır və deyir ki, o çibokludur. Qız videoda hökümətə xitab edir ki, Boko Haram döyüşçüləri azad edilsin.

“Valideynlərimiz ürəklərinə inanaraq hökümətlə danışmalıdır ki, biz evlərimizə qayıdaq”, qız yerli Kabaku dilində söyləyib. Maidanın anası Esther bu yaxınlarda digər valideynlərlə birgə qızlarının itməsinə görə çəkdikləri əziyyəti əks etdirən açıq məktub çap etdirib. Arxa fonda dayanmış bir qızın qucağında isə körpə var.

Hökümət tənqid edilir

Özünü İslam Dövləti adlandıran qrupa sadiqlik andı içmiş Boko Haram illərdir Nigeriyanın şimal hissəsində dini dövlət yaratmaq istəyi ilə üsyan edir. Boko Haram sözünün tərcüməsi “qərb təhsili qadağandır” mənasını verir. Bu illər ərzində minlərlə insan Boko Haram tərəfindən öldürülüb və ya əsir alınıb. Həmçinin qrup müsəlman olmayanlara məcburi yolla İslam dini qəbul etdirib.

Ehtimallara görə, Boko Haramın əsir götürdüyü qızlar seksual zorakılığa və döyüşçülərlə məcburi evlənməyə məruz qalıblar. Qızların qaçırılması ilə bağlı başladılmış Qızlarınızı Geri Qaytar hərəkatının nümayəndəsi Aişə Yesufu videodan dəhşətə gəlib. “Hamı qızların vəziyyətinə görə narahat olmalıdır”, o əlavə edib. Xanım Yesufunun sözlərinə görə, hökümətin “qızları azad etməklə bağlı dəfələrlə verdiyi sözü tutmaması çox aydındır”. Nigeriyanın informasiya naziri Əlhacı Mohammed israr edib ki, hökümət qızları azad etmək üçün əlindən gələni edir.