Bölgədə gərginlik artır: ABŞ və Böyük Britaniya Yəmənin 5 şəhərini vurdu

  • By admin
  • 18 Yanvar 2024 08:48

ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəmənin 5 şəhərinə hava zərbələri endirib.

Gununsesi.info xəbər verir ki, Husilərə bağlı SABA xəbər agentliyinin idarə heyətinin sədri Nəsrəddin Əmir bu barədə X sosial media hesabında açıqlama yayıb.

ABŞ və İngiltərə döyüş təyyarələri Səda, Zimmar, Hudeydə, Taiz və Bayda şəhərlərinə hücum edib.

Hücumlar barədə ətraflı məlumat verilməyib.

Daha əvvəl onlar Ədən körfəzində ABŞ-ın “Jinko Picardy” gəmisini “bir sıra uyğun dəniz raketlərindən birbaşa zərbə ilə vurduqlarını” bildirmişdilər.

ABŞ rəhbərliyi Yəməndə husilər kimi tanınan Ənsarullah hərəkatını Qırmızı dənizdəki hücumlarına görə yenidən “xarici terror təşkilatı” adlandırıb.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Husilərin terror təşkilatı kimi təyin olunması ilə bağlı verdiyi yazılı açıqlamada Qırmızı dənizdə gəmiçiliyi pozan hücumların ABŞ personalını risk altına atdığını bildirib. Onun sözlərinə görə, ABŞ administrasiyası və beynəlxalq ictimaiyyət bu hücumlara birgə cavab verib.

Gununsesi.info