Bolqarıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyi (DANS) iki Rusiya vətəndaşını “casusluq”da ittiham edərək, Bolqarıstana və bütün digər Avropa İttifaqı (Aİ) ölkələrinə girişinə qadağa qoyub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, DANS yaydığı məlumatda Rusiya vətəndaşları Vladimir Nikolaeviç Qoroçkin (40 yaş) və Tatyana Anatolyevna Qoroçkina (38 yaş) 5 il müddətinə Bolqarıstana və bütün digər Aİ-yə üzv dövlətlərə giriş qadağan edildiyini bildirib.
Qeyd edilir ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları olduğu iddia edilən Qoroçkin və Qoroçkina “milli təhlükəsizliyə təhdid təşkil edir”.
Açıqlamada Rusiya vətəndaşlarının bir müddətdir Bolqarıstanda yaşadıqları və Bolqarıstan vətəndaşlığı almağa çalışdıqları, həmçinin Bolqarıstan vətəndaşları olaraq müxtəlif Avropa ölkələrində casusluq etmək və Rusiya üçün kəşfiyyat məlumatları toplamaq niyyətində olduqları bildirilib.
2023-cü ilin sentyabrında Bolqarıstan oxşar əsaslarla Sofiyadakı Rus kilsəsində xidmət edən bir Rusiya və iki Belarus vətəndaşını deportasiya edib.
Gununsesi.info