Bolqarıstan prezidenti Ukraynaya zirehli transportyorların tədarükünə veto qoydu

  • By admin
  • 05 Dekabr 2023 08:33

Bolqarıstan prezidenti Rumen Radev Daxili İşlər Nazirliyinin zirehli texnikasının Ukraynaya təmənnasız təhvil verilməsinə dair razılaşmaya veto qoyub.

Gununsesi.info “news.bg” saytına istinadən xəbər verir ki, bu barədə Bolqarıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Prezident Bolqarıstanın zirehli transportyorları pulsuz təmin etdiyi Sazişin ratifikasiyası haqqında qanunu parlamentə qaytarmaq qərarına gəlib.

Onun sözlərinə görə, “ilkin qərar qəbul edilən zaman deputatlar bu təchizatın spesifik parametrləri barədə kifayət qədər məlumatlı deyildilər, buna görə də Bolqarıstanın təhlükəsizliyini təmin etmək üçün bu avadanlığa həqiqətən ehtiyac olub-olmadığını qiymətləndirə bilmədilər”.

Radev əmindir ki, Bolqarıstan vətəndaşlarının təhlükəsizliyi, sağlamlığı və həyatı əsas prioritet olmalıdır.

“Bu texnologiya Bolqarıstanın sərhədlərini qorumaq, həmçinin fövqəladə hallar zamanı, xüsusən əlçatmaz ərazilərdə ölkə sakinlərinə yardım göstərmək üçün faydalı ola bilər. Mən Bolqarıstan vətəndaşlarının təhlükəsizliyinin, sağlamlığının və həyatının böyük əhəmiyyət kəsb etdiyi qənaətini rəhbər tutdum”, – Radev izah edib.

Avqustun 8-də Sofiyada, noyabrın 13-də isə Kiyevdə nazirlər səviyyəsində Bolqarıstan zirehli texnikasının Ukraynaya pulsuz verilməsi haqqında saziş imzalanıb.

Gununsesi.info