Boris Conson NATO Baş katibliyinə gətirilə bilərmi? – Ekspertin ŞƏRHİ

“Boris Consonun siyasəti bir dəfəlik tərk etmək fikri yoxdur, yenidən Britaniyanın baş naziri olması potensila olaraq mümkündür. Ancaq bu yaxın perspektivdə deyil, gələcək perspektivdə baş verəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Böyük Britaniyanın istefaya gedən baş naziri Boris Consonun yenidən həmin posta qayıtmaq və yaxud NATO Baş katibliyinə gətirilmək şanslarını dəyərləndirərkən deyib:

“Bu məsələ gələcək perspektivə hesablanıb. Ona görə ki, belə işlər Britaniyada mümkündür. Consonun istefası partiya daxili məsələ ilə əlaqədar olub. Nəticədə o baş nazirlikdən istefa verdi. Conson müəyyən qüsurlara malik olsa da bir şahin olaraq Ukrayna-Rusiya müharibəsində tanındı. Belə bir qətiyyətli siyasətçinin gələcək perspektivdə yenidən baş nazir olmaq ehtimalı mövcuddur. Conson özü də yenidən siyasətə qayıda biləcəyinə işarə verib.

İndilikdə Consonun yerinə Mühafizəkarlar Partiyasından iki namizəd mübarizə aparır. Onlar keçmiş maliyyə və xarici işlər nazirləridir. Onlardan da öndə gedəni Consondan heç də geri qalmayan xanım Lis Trassdır. Ola bilsin o, perspektivdə Britaniyanın növbəti “dəmir ledisi” olsun. Trass da birmənalı şəkildə bəyan edib ki, Ukrayna xalqının dostudur və bu məsələdə heç də Consondan geri qalacaq siyasət yürütməyəcək.

Consonun NATO-nun rəhbərliyinə gətirilməsinə gəldikdə, ekspert qeyd edir ki, burada Stoltenberqdən sonra Conson kimi qətiyyətli siyasətçinin alyansa rəhbərlik etməsinə ehtiyac var:

“Bu baxımdan Consonun NATO baş katibi olmaq perspektivivə potensialı böyükdür. Ancaq bunu əngəlləyəcək faktorlar da var. NATO rəhbərliyinin seçimində bütün dövlətlərin konsensusu lazımdır. Bir dövlətin etirazı fonunda namizəd olan şəxs bu vəzifəyə seçilə bilməyəcək. İngiltərə ilə Fransa arasında ciddi problemlər qalmaqdadır. İngiltərənin nüfuzunun qalxmasını arzulamayan Fransa bu məsələyə əngəl yarada bilər. Başqa tərəfdən elə də ciddi əngəl yoxdur.

Ümumiyyətlə bu məsələdə həlledici amil ABŞ-ın mövqeyi olacaq. Vaşinqton da Conson namizədliyini verəcəyi təqdirdə, birmənalı şəkildə ona dəstək olacaq. 

Digər tərəfdən, bilirsiniz ki, Yans Stoltenberqin növbəti dəfə 1 illik baş katib vəzifəsi uzadılıb. Ona görə də Consonun quruma gəlməsi üçün ilk növbədə Stoltenberq vaxtından əvvəl istefa verməlidir. O vaxta qədər isə Rusiya-Ukrayna müharibəsi bitə də bilər”.

Gununsesi.info