“Borussiya”nın avtobusuna hücum edən şəxs barəsində həbs-qətimkan tədbiri seçildi

  • By admin
  • 22 Aprel 2017 09:57

borussiya

Məhkəmə Dortmundun “Borussiya” futbol klubunun avtobusuna hücumda şübhəli bilinən 28 yaşlı Sergey V. barəsində həbs qətimkan tədbiri seçib.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, saxlanılan şəxsin ikili vətəndaşlığı var. O, həm Almaniya, həm də Rusiya pasportu daşıyır.

Aprelin 11-də Dortmundda Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Borussiya” və “Monako” klubları arasında oyun keçirilməli idi. Oyuna təxminən bir saat qalmış meydan sahiblərinin avtobusunun yaxınlığında 3 partlayış törədilmiş, “Borussiya”nın futbolçusu Mark Bartra insident zamanı yaralanmışdı.

Prokurorluğun məlumatına görə, şübhəli şəxs “Borussiya”nın səhmlərindən 15 minini alıb. O, bunun üçün aprelin 3-də kredit götürüb. Səhmlərin kursunun dəyişməsi təqdirində Sergey V. qiymətli kağızların satışından 4 milyon avro qazanc əldə edə bilərdi. Qeyd edək ki, Sergey V. aprelin 21-də Tübinqen şəhəri yaxınlığında saxlanılıb.

Gununsesi.info