Bosnyalı yaşlı qadın serblərin tikdiyi kilsəni sökdürür - AVROPA MƏHKƏMƏSİNİN QƏRARI

  • By admin
  • 01 Oktyabr 2019 18:27

Oktyabrın 1-də Avropa Məhkəməsi Bosnyalı ərizəçinin tələbi üzrə maraqlı bir qərarını elan edib.

Gununsesi.org-un xəbərinə görə, müsəlman nənənin ərizəsi üzrə çıxarılan qərar Yuqoslaviya müharibəsi zamanında inşa edilmiş iri kilsənin sökülməsini nəzərdə tutur. Ərizəçi 1942-ci il təvəllüdlü bosnyalı Fata Orloviç və ailəsidir. Yuqoslaviya müharibəsi zamanı Fata Orloviç ailəsi ilə birlikdə Serebrenitsa yaxınlarındakı evini tərk etmək zorunda qalmışdı. Ardından övladları ABŞ-a sığınmış, orda yaşamağa başlamışdılar. Ancaq nənə onların israrlarına rəgmən, ABŞ-a köçməkdən imtina etmiş, bir müddət müxtəlif yerlərə sığınmış, müharibə bitdikdən sonra – 1999-cu ildə doğma kəndlərinə dönmüşdü. Fata nənə kəndə qayıdanda görmüşdü ki, serblər evlərinin həyətində, onlara məxsus sahədə iri Ortodoks kilsəsi inşa ediblər. Ölkədə idarəetmə yoluna düşər-düşməz Fata nənə məhkəməyə üz tutmuşdu. Mülkiyyət hüququna müdaxilə edildiyini iddia edən Fata nənə onun sökülməsini tələb edirdi. Məhkəmə 11 il davam etmişdi. Nənəyə iddiasından geri çəkilməsi üçün kifayət qədər yüksək məbləğdə təzminat təklif olunmuş, ancaq o, təklifləri rədd etmişdi. Məhkəmə qərar vermişdi ki, kilsə sökülsün. Ancaq yüksək məhkəmə bu qərarın icrasını dayandırmışdı. Həmin qərardan sonra Avropa Məhkəməsinə şikayət edilmişdi. AİHM-in oktyabrın 1-də elan edilən yekun qərarı belə olub ki, Ortodoks kilsəsi sökülməlidir. Çünki torpaq sahəsinin mülkiyyətçisinin icazəsi olmadan inşa edilib. Dövlət 77 yaşlı Fata Orloviçə 7 min avro təzminat da ödəməli olacaq.

 

 

Gununsesi.org