Botanika İnstitutunun gözətçisi qardaş qətlinə görə məhkəmə qarşısında

  • By admin
  • 27 Mart 2018 12:51

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun gözətçisi, 46 yaşlı Şirxan Məhərrəmov öz qardaşını öldürməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Mahmud Ağalarovun sədrlik  etdiyi hakimlər kollegiyası baxır.

Gününsesi.info xəbər verir ki, martın 27-də məhkəmədə Şirxan Məhərrəmovun anket məlumatları dəqiqləşdirilərkən onun himayəsində 4 azyaşlı uşağın olduğu məlum olub. Onun həyat yoldaşı vəfat etdiyindən uşaqlara ancaq o baxırmış…

1972-ci ildə Ermənistanın Amasya rayonunda anadan olmuş Şirxan Məhərrəmov Xızı rayonunun Yarımca kəndində 1966-cı il təvəllüdlü qardaşı Səməd Məhərrmovu güllələyib. Hadisə ötən il oktyabrın 30-da qardaşlar arasında mübahisə nəticəsində baş verib.

Cinayət işinin materiallarında yazılıb ki, uzun müddətdir iki qardaş arasında torpaq sahəsinə görə mübahisə gedirmiş. Növbəti mübahisə qanla nəticələnib. Şirxan Məhərrəmov təhlükəli tüfənglə qardaşına atəş açıb. Səməd Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Bu iş üzrə məhkəmə aprelin 3-də davam edəcək.

Gülər

Gününsesi.info