Boynuna qətl qoyulan daha bir günahsız insan - ALİ MƏHKƏMƏ İŞİ GERİ QAYTARIB

  • By admin
  • 12 May 2023 14:06

Azərbaycanda boynuna qətl işi qoyularaq azadlıqdan məhrum edilən daha bir vətəndaşın başına gətirilənlərin üstü açılıb.

Gununsesi.info bildirir ki, bu barədə araşdırmaçı jurnalist Aytən Məmmədova yazıb
O, qeyd edir:

Elə bilirsiniz təkcə “Nərmin işi” – İlkin Süleymanovdur? Onun kimilər çoxdur, sadəcə, bu iş qədər ictimailəşməyib. Məsələn, biri elə Polad İsmayılov…

O da İlkindən təxminən ay yarım sonra həbs olunub və ölüm işində ittiham olunur. Üç ildən çoxdur həbsdədir, Şəki Ağır Cinayətlər Məhkəməsi onun haqqında 11 il azadlıqdan məhrumetmə hökmü çıxarıb. Apellyasiya Məhkəməsi də qüvvədə saxlayıb. Neçə illərdir, özünü öldürür ki, bu cinayəti mən törətməmişəm, işgəncə yoluyla boynuma qoyublar…

Qətl hadisəsi 2011-ci ildə baş verib, adamı isə 2020-ci ildə həbs ediblər. Daha doğrusu, əvvəl telefonla polis şöbəsinə çağırıblar. Polisə müqavimət adıyla məhkəmədən 10 günlük inzibati həbs qərarı alınıb. Bu həbsin ikinci günündə isə adamın ərizəsi ortaya çıxıb ki, “vicdanım mənə əzab verir, 9 il əvvəlki qətli mən törətmişəm”.

Vəssalam, beləliklə, prokurorluq 9 il bağlı qalan cinayətin üstünü “peşəkarlıqla” açmış olur…
Cinayət işində o qədər ziddiyyətlər var, onu adi bənna, maşinist, nə bilim, rəssam belə, asanlıqla görə bilər. Məsələn, qadını öldürən qatil də həmin vaxt xəsarət alıb və qanı hadisə yerinə tökülüb. Tapılan qanın qrupu III qrupdur. Bu şəxsin qan qrupu isə I qrupdur…
Ziddiyyətlər o qədər çoxdur ki, Ali Məhkəmə bugünlərdə Polad İsmayılovun işi üzrə aşağı instansiya məhkəməsinin çıxardığı qərarı ləğv edib. Ali Məhkəmə belə nəticəyə gəlib ki, onun işinə düzgün baxılmayıb. Qərar verib ki, Şəki Apellyasiya Məhkəməsi bu işə yenidən baxsın…

Elmar
Gununsesi.info