
Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın ötən il olduğu kimi bu qışda da Ukraynanın enerji infrastrukturuna raket zərbələri endirəcəyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin “Twitter”də dərc olunmuş 16 sentyabr tarixinə dair kəşfiyyat icmalında deyilir.
Britaniya kəşfiyyatı Rusiyanın 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər Ukraynanın enerji infrastrukturuna hücum etdiyini xatırladıb. Zərbələr üçün Rusiya əsasən öz ərazisindən strateji təyyarələr tərəfindən buraxılan X-101 (AS-23 KODIAK) raketlərindən istifadə edib.
Açıq mənbələrdən əldə edilən məlumatlara istinadən nazirlik 2023-cü ilin aprelindən etibarən Rusiyanın havadan buraxılan qanadlı raketlərə daha az xərcləməyə başladığını, Rusiya liderlərinin isə bu cür silahların istehsal sürətinin artırılmasına yönəlmiş səyləri vurğuladığını qeyd edib.
“Bu səbəbdən Rusiya çox güman ki, havadan buraxılan qanadlı raketlərin əhəmiyyətli ehtiyatları yaratmağa qadirdir. Rusiyanın qışda bu silahları yenidən Ukrayna infrastrukturuna qarşı cəmləşdirməsi real ehtimalı var”, – icmalda deyilir.
Əvvəlki araşdırmada Britaniya kəşfiyyatı Ukraynadan atılan raket hücumu nəticəsində Sevastopolda quru doklarda təmir edilən Rusiyanın “Rostov-na-Don” sualtı gəmisi və “Minsk” desant gəmisinin vurduğu ziyanı qiymətləndirib.
Səid Əhmədli
Gununsesi.info