Böyük Britaniya media azadlığını prioritet elan etdi - Səfir KİV rəhbərlərini iqamətgahına toplayıb

  • By admin
  • 01 May 2019 17:00

Birləşmiş Krallığın XİN-i mətbuat azadlığının ölkənin xarici siyasətinin prioritetlərindən biri olması haqqında qərarı fonunda mayın 3-də qeyd olunan Ümumdünya Mətbuat Azadlığı Günü bu il Böyük Britaniya üçün xüsusilə əlamətdardır.

Bu, o deməkdir ki, London KİV azadlığına daha çox diqqət yetirəcək.

Gununsesi.org xəbər verir ki, bu barədə çərşənbə günü Böyük Britaniyanın Bakıdakı səfiri Kerol Krofts Azərbaycan jurnalistləri ilə görüşdə bildirib.

İyulda Böyük Britaniya XİN KİV azadlığına həsr olunmuş beynəlxalq konfrans keçirəcək. Tədbirə dünyanın müxtəlif ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri dəvət olunacaq.

Jurnalistika təhlükəli peşə olaraq qalmaqdadır, deyə səfir sözünə davam edib. 2018-ci ildə rekord sayda jurnalist qətlə yetirilib. Müasir mətbuatın digər bir problemi “feyk-nyus”dur, deyə Krofts qeyd edib. Səfir bu problemə bir nümunə kimi “Skripalların işinin” Azərbaycanda işıqlandırılmasını göstərib.

“Ötən il Böyük Britaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə kimyəvi silah tətbiqi ilə üzləşib, bu, “Skripalların işi” ilə bağlıdır.

Azərbaycan KİV-ləri bu mövzuda 46 yazı dərc edib, bu yazılar Moskvanın nöqteyi-nəzərini əks etdirirdi. Yalnız bir yazı Londonun baxışını əks etdirirdi və həqiqəti göstərirdi”, deyə səfir əlavə edib.

Media hüquqları sahəsində Azərbaycanlı ekspert Ələsgər Məmmədli qeyd edib ki, mətbuatın azad fəaliyyəti təkcə jurnalistlərin özlərindən asılı deyil. Bunun üçün dövlət hüquqi və təcrübi mühit formalaşdırmalıdır. Bu mənada Azərbaycan jurnalistikasının bəxti gətirməyib. Müstəqilliyinin 28-ci ilində Azərbaycan dünyada mətbuat azadlığı indeksində 166-cı yeri tutub. Hakimiyyəti qane etməyən saytların bloklanması, – o cümlədən məhkəmə qərarı olmadan, – son illərdə yeni problemə çevrilib. Cinayət Məcəlləsində diffamasiyaya görə cəza nəzərdə tutan maddələrin sayı 3-dən 4-ə çıxıb.

Ümumdünya Mətbuat Azadlığı Gününü məşhur azadlıq müdafiəçiləri: Əfqan Muxtarlı, Seymur Həzi və daha üç jurnalist barmaqlıqlar arxasında qarşılayır.

Məmmədli 2020-ci ildə növbəti Ümumdünya Mətbuat Azadlığı Gününü Azərbaycanın həbsxanalarda jurnalistlərsiz, CM-də diffamasiyaya görə məsuliyyət nəzərdə tutan maddələrsiz, bloklanmış on-layn medialarsız qarşılayacağına ümid etdiyini bildirib.