“Təhlükəsizlik və iqtisadi əməkdaşlıqla yanaşı, ölkələrimiz arasındakı əlaqələr daha da möhkəmlənir. Bir çox məsələlərdə baxışlarımız üst-üstə düşür”.
Gununsesi.info xəbər verir ki, bunu Böyük Britaniyanın səfiri Duncan Norman ötən gün Bakıda Kral III Çarlzın ad günü ilə bağlı keçirilən tədbirdə deyib:
“Məsələn, Ukrayna məsələsində biz Ukraynanın ərazi bütövlüyünə dəstək baxımından eyni mövqeni bölüşürük. Böyük Britaniya nə qədər lazım olarsa, Ukraynanın yanında olmağa davam edəcək. Təsadüfi deyil ki, Bakıda görüşdüyüm ilk şəxslərdən biri ukraynalı həmkarım olub.
Böyük Britaniya qadınlar və qızlar üçün imkanların genişləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq edir. Bu axşam burada həmin əlaqələrin inkişafına töhfə verən çoxsaylı insanları, o cümlədən Böyük Britaniya məzunlarını görməkdən məmnunam.
Böyük Britaniyada təhsil alan gənc azərbaycanlıların sayının artması ölkələrimiz arasındakı əlaqələrin gücünü, eləcə də Britaniya Şurasının bu sahədə gördüyü işlərin nəticəsini göstərir.
Dəstəkçilərdən söz düşmüşkən, onların ən məşhurlarından birini qeyd etməmək olmaz – Tofiq Bəhramov.
1966-cı il dünya çempionatının finalında İngiltərənin üçüncü qolunu qüvvədə saxlayan yan xətt hakimi kimi o, İngiltərə futbol tarixində xüsusi yer tutur. Aradan altmış il keçməsinə baxmayaraq, İngiltərə azarkeşləri ona hələ də minnətdardırlar.
Dünya çempionatı başlayarkən ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir köməyə ehtiyacı olmayacaq”.
Səfir sonda qeyd edib ki, ən vacib məqam ölkələr arasında tərəfdaşlıqdır.
“Gələcəyə baxdıqda Böyük Britaniya–Azərbaycan tərəfdaşlığının daha da inkişaf edəcəyini, əhatə dairəsinin genişlənəcəyini və təsirinin artacağını görmək əzmindədir”,-deyə səfir fikirlərini yekunlaşdırıb.
Şəbnəm











