Martın 24-26-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Böyük Dəbilqə turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının (ACF) yaydığı məlumata görə, üç gün davam edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara mötəbər yarışda ACF-in vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.
Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Ölkəmizin idman şərəfini Kəramət Hüseynov, Turan Bayramov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Rüstəm Orucov, Elcan Hacıyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Camal Həmzətxanov (100 kq-dan yuxarı), Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Fidan Əlizadə (57 kq) qoruyacaqlar.
Gununsesi.info