Böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər

  • By admin
  • 08 Oktyabr 2016 13:12
Elxan Shahinoglu
“Düşmənə daha böyük dərs verməyimizə ehtiyac var və bu dəfə Moskvadan edilən telefon zənglərini qulaqradına vurmalıyıq”
Gununsesi.info xəbər verir ki, bu fikri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Prezident Ilham Əliyev Nazirlər Kabinetinin son toplantısında Qarabağ münaqişəsinin həlli  ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
“Ölkə başçısının dediyi “qapalı görüşlərdə bizi Qarabağı tanımağa məcbur etmək istəyirlər” fikri o demək deyil ki, həmsədrlər sözün həqiqi mənasında tələbi məhz bu şəkildə qoyurlar. Böyük ehtimalla tələb bu şəkildə səsləndirilir ki, “Siz Dağlıq Qarabağda referenduma razılaşmalısınız ki, bunun müqabilində torpaqlarınız azad olunsun”. Ancaq elə bunun özünün də prezidentin dediyi kimi “müstəqilliyin” tanınması tələbindən fərqi yoxdur. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir.
Azərbaycan cəmiyyətinin bir hissəsində aprel döyüşlərindən sonra böyük dövlətlərin Ermənistan hakimiyyətinə təzyiq edəcəyi ümidi var idi. Ancaq Azərbaycan dövlət başçısının son açıqlaması bu ümidlərin özünü doğrultmadığına işarə idi. Əskinə təzyiq bizə var imiş. İndi Ermənistan prezidenti də rahat şəkildə cəmiyyətinə deyəcək ki, “gördüz bizə heç bir təzyiq yoxdur, bunu rəsmi Bakı da etiraf edir”. Ermənistana təzyiq yoxdursa bununla böyük dövlətlər Cənubi Qafqazı böyük müharibəyə sürükləyirlər. Bizə başqa alternativ qoymurlar”- deyə, politoloq vurğulayıb
Aprel döyüşlərini xatərladan politoloq  əlavə edib ki, apreldə əsgər və zabit qardaşlarımız böyük şücaət göstərdilər, həyatlarını vətən yolunda fəda etdilər, düşmənə ağır zərbələr vurdular. “Düşmənə dərs verdik. Ancaq üstündən 5 ay keçdikdən sonra etiraf etməliyik ki, 4 günlük müharibə işğalçını geri addım atmağa məcbur etmədi, böyük dövlətlərin qılı belə tərpənmədi. Demək ki, düşmənə daha böyük dərs verməyimizə ehtiyac var və bu dəfə Moskvadan edilən telefon zənglərini qulaqradına vurmalıyıq! Belə zənglər bizə imkan vermir ki, problemimizi birdəfəlik həll edək.
Gununsesi.info