Böyük eşqin səssiz fəryadı… -QƏNİRƏ PAŞAYEVADAN YENİ HEKAYƏ

  • By admin
  • 12 Avqust 2016 17:02

qenish

İsti bir avqust günü idi… Günorta saatlarında hava daha da istiləşmişdi. Günəş insanı yandırırdı. Qəribə bir ilğım vardı… Günəş sanki 40 il öncə o avqust gününü xatırladırdı… Onların tanış olduqları o günü… 40 il sonra isə yenə isti bir avqust günündə qəbirstanlıqda üz-üzə dayanmışdılar. Qəbirstanlıqda elə qəribə bir səssizlik vardı, sanki yer-göy hər şey 40 il sonra üz-üzə dayanıb yanıqlı söhbət edən bu iki sevgilini dinləmək istəyirdi. Qəbirstanlıqdakı sadə qəbir daşından hüznlü bir kişi baxırdı. Gözlərindəki böyük həsrət, kədər qəbir daşındakı şəkildən belə hiss olunurdu. Elə qəribə baxırdı, sanki hər kəsə nələrsə anlatmaq istəyirdi… Ö gözlərdə elə dərin bir peşmanlıq və ağrı vardı ki… O gözlərdə bir də qəribə bir ümid vardı sanki sevdiyi qadının gec də olsa qəbirinin üstünə gələcəyinə inanırdı… Qəbir daşı ilə üz-üzə dayanan rəfiqəmə baxdım. Yayın cırhacırında məni dəhşətli bir üşütmə tutmuşdu… Səssis-səssiz sevgilisinə elə qəribə baxırdı ki… Həyatımda ilk dəfə sözlə ifadəsi mümkün olmayan baxış görürdüm. Onun öyküsünü detalına qədər bilirdim. Bu baxış mənə 40 il öncə o isti avqust günündə rəfiqəmin ilk və son gerçək sevgisi ilə tanış olduqları o günkü baxışları xatırladırdı… Niyə onu buraya gəlməyə razı saldım? Axı o demişdi ki, mənim üçün ayrılıq insanın insandan cismani ayrılığı deyil, mənim üçün ayrılıq sevdiyin şəxslə bağlı arzularının, xəyallarının bitməsidir… Bəlkə elə ona görə Əlinin ölümündən 2 il keçsə də o qəbirstanlıqda onun ziyarətinə gələ bilməmişdi. Arzularının, xəyallarının bitməməsini istəyirdi… İçimə qəribə bir ağrı dolmuşdu… Məndən cəmi 2-3 addım aralıda qəbir daşı ilə üz-üzə dayanan rəfiqəmin içindəki inilti və ağrını hiss ediridm və boğulurdum.. Onlar təklikdə danışmalıdırlar deyə bir az kənara çəkilmək istəyirdim ki, onun sanki bir saniyə içində kürəyimi yandıraraq gözlərimdə yaşa çevrilən inilti dolu hıçqırıqlarını eşitdim. “…Niyə zorla aparmadın məni o gün. Niyə gəlib aparmadın məni o toy günü… Bütün toyu gözüm qapıda qaldı gəlib məni aparasan deyə gözlədim axı… Nə özün xoşbəxt oldun, nə də mən…” Hiss edirdim ki, nəfəs ala bilmirəm, boğuluram, bu ağrıdan qaçmaq istədim… Bir az aralansam da hiss etdim ki, bu mümkün deyil. Düşünməyə başladım… Niyə axı mən? Niyə o qədər qohumun, dostun içində o məhz mənə danışmışdı illərlə saxladığı sirrini, bütün ağrısını… Aramızda xeyli yaş fərqi vardı, üztəlik münasibətlərimizin uzun tarixi də yox idi… İlk dəfə bu barədə mənə da¬nışanda bilmirəm niyə sənə danışıram amma mənə elə gəlir ki, gözümün dərinliyində gizlətdiyim kədəri, ağrımı hiss edirsən və təkcə sən məni ittiham etmədən anlaya bilərsən demişdi. Və məndən mənimlə bir məzarı ziyarətə getməsini xahiş etmişdi. Tək gedə bilmirəm, ora mənimlə gedib məni anlaya biləcək insanın sadəcə sən olduğunu düşünürəm gedək mənimlə demişdi. Mən də razılaşmışdım amma sonradan nədənsə getmək istəməmişdi. Aradan bir il keçdikdən sonra yenidən qayıtmışdı gözlənilmədən o mövzuya. Bilirsən mən hələ də onun qəbirüstünə gedə bilməmişəm. Özümdə hələ də o cəsarəti tapa bilmirəm. Yaxın dostlardan birinin doğum günü idi. Hər kəs çox şən idi, deyib-gülüb əylənirdi. O da kənardan kədərli görünmürdü. Üzündə təbəssüm vardı həmişəki kimi. Təkcə mənim kimi yaşadığı ağrı-acıları, cəmiyyətdəki mövqeyini qazanmaq üçün bir qadın kimi həyatla savaşını, verdiyi mücadiləni, bəzən üzləşdiyi haqsızlıq, ədalətsizlikləri bilənlər onun üzündəki təbəssümlə içindəki nə qədər böyük ağrı-acını gizlətdiyini bilirdi… Qəfil dediyi bu sözə nə cavab verəcəyimi bilmədim. Sözlərdən ağrı, inilti gəlirdi. Bir çoxlarını bəxtəvərlik verdiyi bu qadından mənə dəhşətli bir ağrı gəldi, o ağrını hiss etməyə başladım. Gözlərinə baxdım. İlahi bir qadın gözlərinin dərinliyində nə qədər qədər, ağrı, acı gizlədə bilərmiş. Özü də hər kəsdən hətta doğma övladlarından belə… Bir qadın nə qədər güclü ola bilərmiş… Ona qarşı içimdəki sevgi hissləri daha da artmışdı… Mən onun içində gəzdirdiyi böyük sevgini də sevməyə başlamışdım onunla birlikdə… Ötən dəfə də söylədim. İstəyirsiniz mən də sizinlə gedim. Tək çətin olar, bərabər gedək. Mən bir az kənarda dayanaram, siz isə söhbətləşərsiniz… Bilirsən cəsarətim çatmır o qəbirstanlığa getməyə dedi. Hər dəfə gedəcəm deyirəm amma sonra əl çəkirəm. Bilmirəm niyə… Amma bilirəm ki, oraya mütləq getməliyəm… Gözlərinə toplanan yaşı içinə çəkdi. Başqaları görməsin deyə… Gözlərində bir qadının qadın mutluluğunun işartıları o qədər zəif idi ki… Bir çoxlarının bəxtəvərlik verdiyi bu qadının… Amma bilirsiniz ki getməlisiniz dedim. Üzləşməlisiniz bu acı gerçəklə.. Əslində bu bəlkə də sizə kömək edər. İçinizdəki hansısa hisslərdən xilas ola bilərsiniz. Bəlkə onun da sizin gözyaşlarınıza ehtiyacı var. Bu onu tamamilə bağışladığınızı göstərər… Bilmirəm dedi. Onların qə¬ribə hekayəsi vardı. Onu dinləyəndə İlahi bir qadın ürəyində nə qədər böyük bir sevgi gəzdirə bilər demişdim. İllər keçsə də bitib – tükənməyən sevgi… Ona heç zaman qadın kimi mutlu olmağa imkan verməyən sevgi. Hətta sevdiyi adam öldükdən sonra belə… İnsanlar keçmişinə ən böyük xəyanəti unudaraq edirlər. O edə bilməmişdi. Heç nəyi unuda bilmədi. Keçmiş onunla birlikdə yaşamışdı hər zaman… Onun qəlbindəki yerinə heç zaman xəyanət edə bilməmişdi. Bunu çox istəsə də bacarmamışdı… Xatirələr isə sanki bir cəza idi ona verilmiş… Xatirələri hər zaman onunla idi. Xatirələr unutmağı zorlaşdırmaq üçün ən böyük cəza imiş illər keçdikdən sonra öyrənmişdi bu gerçəyi… Nəhayət isti avqust günü söhbət edirdi. Yenə onu, tanış olduqları günü xatırladı… Bilirsən, dedi bəzən hətta özümün, yaxınlarımın doğum günlərini, bizim üçün əziz gün¬ləri unuda bi¬lirəm amma onunla tanış olduğumuz o günü heç vaxt unutmuram. Biz bir neçə il onunla tanış olmağımızın ildönümünü qeyd edərdik. Yenə o gün gəlir. İçimdə elə qəribə hisslər var ki… Heç yuxunuza gəlirmi? Öncə tez-tez gələrdi amma öləndən sonra gəlmir… Bəlkə sizdən küskün gedib axı deyirsiniz ki, günlərlə can verə bilməyib və bütün yaxınlarından sizə tapıb gətirmələrini istəyibmiş… Bəlkə də… Qəribədir bu dəfə sanki içimdə başqa bir insan vardı və o danışdırdı mənim yerimə… Mənə xas olmayan qəribə bir israrla ona mütləq qəbirstanlığa gedib məzarı ziyarət etməsini söylədim. Hətta onun qısa zamanda etməsi üçün mən də burdayam gəlin elə sabah gedək dedim. Gəl, bazar günü gedək dedi. Razılaşdıq və isti avqust günündə 40 ildən sonra onlar yenə də üz-üzə dayanmışdılar… “Keşkə xəyallarımı, qəlbimi deyil məni öldürsəydin. Mənsiz yaşaya biləcəkdinsə niyə gəlmişdim dünyama, niyə sevdiyini söyləmişdim? Mən ki, səndən heç nə istəməmişdim. Niyə…” Qəfildən mənə doğru dönür. Qəribədir, o öldü, amma hələ yaşayır. Mənsə hər gün yenidən ölürəm… …Səncə insan bir insanı ömrü boyu axtara bilərmi? Mən də bir zamanlar inanmazdım, amma bilər… Getdiyi hər yerdə, baxdığı hər yerdə… Bəlkə heç bu şəhərdə deyil, amma yenə arar… Təsa-düflərə yaman inanan olar. Bəlkə təsadüfən qarşılaşarıq deyə gözü onu arar… Qarşılaşdıqları zaman nə edəcəyini, nə söyləyəcəyini belə düşünmədən arar… Gəl deməz, artıq aramağa da razıdır. Çünki aramaq bitməyən bir ümiddir… İllər keçər, amma o ara¬maqda davam edər, çünki həyat artıq onun üçün aramaqdır…. Ölənə qədər arayar. Çünki bu həyatının mənası olar. Onsuz həyatın mə¬nası da itər. Bu isə ölümdən daha dəhşətli bir faciədir… Aramaqla yanaraq keçər ömrü. Pərvanə kimi, amma şamdan şikayətlənməz kimsəyə… Sonra onu bütün deyil, parça-parça bular… Gözlərini birinin gözlərində, baxışlarını birinin, saçlarını başqa birində… Bulduqları parçalarla təskinlik taparaq yaşayar… Sonra ona öləndə qovuşacağına inanar… Həyatın ayırdıqlarını ölümün birləşdirəcəyinə inanar… Ölümün daha insaflı olduğuna inanar … Həyat bizi ayırdı amma ölüm birləşdirəcək… Birləşdirəcək, buna əminəm… -… – Bilirsən, bir insan dünyaya gələndən mütləq onun üçün yazılmış digər insanı axtarır və ya onun gəlişini gözləyir. Hər kəs o insanı tapa bilmir. Xoşbəxt adlandırılan insanlar tapa bilənlərdir… Qovuşanlar isə ən xoşbəxti… – Bəlkə də əslində o deyildi sizin üçün yazılmış insan. Siz yanılmışdınız… – Yox, o idi, bilirəm… Bütün ruhumla hiss etmişdim… O mənim ruhum yarısı idi. Bir gün daha yaxşı anlayacaqsan… Haqlısan o mənimçün yazılmamışdı… amma bu gerçəyi bu günə qədər qəbul edə bilmirəm… – … – Gözləriniz bir-birinizə baxanda hər şeyi unudacaqsan. Keçmişi də, gələcəyi də… Sadəcə o an olacaq… Və sən əbədi o gözlərdə qalmaq istəyəcəksən. O gözlər o andan hər zaman səninlə olacaq… Heç tanımadığın insan bir anda sənin ən doğ-mana, ən vazkeçilməzinə çevriləcək. Dostlarına, ən yaxınlarına söyləmək istəmədiklərini onunla paylaşmaq istəyəcəksən. Sanki illərlə onun üçün toplamısan bu qədər söhbəti. Ay¬rılanda isə deyəcəksən ki, heç nə danışa bilmədik ki, söhbətlərimiz çoxu qaldı və hələ ayrılmamış yeni bir görüş üçün darıxacaqsan… İnsan bir insanı tanımadan necə sevə bilər fikirləri sevginin nə olduğunu yaşamayanların sözləridir, am¬ma bunu deyənlərin çoxunun əzbərinin pozulduğu gördüm,.. Hə, bir gün gözlənilmədən qarşına biri çıxır və sənə bütün əzbərlərini pozdurur…İlk dəfə gördüyün adamı sanki illərdi ki, tanıyırsan hissi dolur içinə… Cəmi bir neçə dəqiqə içində o hər kəsdən daha doğma olur… O günə qədər heç tanımadığın, xarakterini, dəyərlərini, insani keyfiyyətini, baxışlarını, arzularını, xəyallarını heç bir şeyini geniş bilmədiyin biri üçün ca¬nını belə qurban verməyə hazır olursan… – … – Sevgi atəş kimidir olmasa soyuqdan ölürük… Yaxınlaşanda isə yanırıq… – … – İnsan qəribə məxluqdur… Görəsən biz hər hansı bir hə¬qi¬qəti niyə bütün qəlbimizlə rədd etdikdən sonra qəbul edirik? Sözdə taleyə inanırıq, danışanda ondan qaçmağın mümkünsüz olduğunu deyirik. Bəs onda nə üçün bir həqiqəti özəlliklə də o bir qəlb məsələsidirsə qəbul etməkdə bu qədər çə¬tinlik çəkirik? Mənim kimi… … – Biz heç zaman öz taleyimizdən qaça bilmərik, ən gözəli onunla barışmaqdır. Asilər daha ağır cəzalandırılır. Həyat bunu öyrətdi mənə… Mən illərlə barışa bilmədim. Heç indi də barışa bilmirəm və hər zaman niyə axı mən deyə sualıma cavab tapmaq istəyirəm… … Gözləməyi sevməzdim, hətta nifrət edərdim onu tanıyana qədər… Bir insanı bir ömür gözləmək mümkünsüzdü deyər¬dim… Onu tanıyana qədər…. bütün əzbərlərim pozuldu… Zamanı xatırladan hər şeydən nifrət etməyə, sevməməyə başladım…. Şuşada papatya ləçəklərini sevir-sevmir deyə qoparmağı yaman sevərdim. Həyat bütün bu illər boyu dözəcəkmi-dözə bilməyəcəkmi deyə ömrümü belə yoldu… Əlimdə qalan isə ləcəksiz papatya kimi acı bir yalnızlıq oldu. Ailəm də oldu, övladlarım da… Amma onun boşluğunu heç kəs doldura bilmədi… Onun verdiyi yalnızlıqdan kimsə ala bilmədi məni… Düz 40 il… və hətta ölümün də bitirə bilmədiyi bir sevgi… İlahi, bir kiçik qəlb nə qədər böyük sevgilər daşıya bilərmiş və nə qədər acı çəkə bilərmiş deyə yenə kənara çəkilib onlara baş-başa qoyuram. Bu söhbətin illərlə ikisi də aclığını çəkmişdi… Edə bilməmişdilər… – Bəlkə də illərlə mənim mutlu olduğumu zənn etdin, amma mən səndən ayrılandan sonra heç mutlu olmadım… Heç.. …O gün verdiyin yalnızlığı yaşıyıram hələ də… …O gün verdiyin yalnızlıqla yaşayıram… Bax, yenə yaydı… Bizim sevimli fəslimiz… Şuşada tanış olandan sonra ikimiz də daha çox sevərdik yayı… Amma uzun illərdir sevmirəm artıq yayı… Qışı sevirəm aryıq… Yay yalnız olduğumu daha çox hiss etdirir çünki… Soyuq aylarda, qışda insanlar daha hüzünlü, daha kədərli görünür sanki mənim kimi və o zaman onları özümə daha yaxın hiss edirəm. Yay aylarında nəşəli, mutlu görünən insanlar məndən çox uzaqda olardılar.. Və özümü daha çox yalnız hiss edərdim… Bu günkü kimi… Sevgi sevdiyinin yaxşı olmasını düşünməklə başlar deyirlər. Amma sən də, xəyalın da bu anlayışdan çox uzaqsınız… İndi yoxluğun səndən daha yaxındır mənə… Ayrılandan sonra səninlə bu qədər söhbət edə bilməmişdik. Yoxluğun varlığından daha yaxındır mənə… Verdiyin acını hiss edirsənmi? Yay, sən və yoxluğun… İmkan vermirsiniz mənə yaşamağa… Nə qədər istəməsəm də xatırladırsınız mənə o ilk tanış olduğumuz günü davamlı… Heç sormasan da mən sənin buraxıb getdiyin yerdə oldum hər zaman… Heç sormasan da mən sənin buraxıb getdiyin zamanda oldum hər zaman… Səninlə qala bilmədim. Amma qəlbim, ruhum,ağlım, sevgim hamısı səndə qalmışdı… Yayın cırhacırında bəlkə 40 dərəcədən artıq istidən üşüyən dostuma sakitcə artıq gecdi gedək deyirəm… Bilirəm ayrılmaq çətindir amma nə zaman istəsəniz təkrar birlikdə gələrik… Ayrılmaqmı?.. Bəzi insanlar ayrılıqdan şikayət edərlər… Əslində sevən sevdiyindən heç zaman ayrılmır ki… Çünki sevməyə davam edir, özləməyə, gözləməyə davam edir… O zaman bunu harası ayrılıqdı… Hər dəqiqə onun haqqında fikirləşir. Görəsən indi haradadır, kiminlədir, nə edir… Artıq gecdir yəqin indi yatıb, artıq günəş çoxdan çıxıb yəqin oyanıb… Görəsən bu gün məni xatırladımı… Rəsmini ona hədiyyə etmişdim görəsən ona gözü sataşanda nə düşündü… Deməli əslində ayrılmır insan sevdiyiylə… Özləyir, gözləyir amma ayrılmır… Qəlb, könül, xəyallar, düşüncələr ayrılmırsa necə ayrıla bilərik ki… Hətta soyuq qəbirdə olsa belə… Artıq heç bir zaman gələ bilməyəcəyini bilsək belə… Ölüm də sevgini ayıra bilmirmiş… Ölüm də sevgini bitirə bilmirmiş… İndi daha çox anladım… Qəbirstanlıqdan ayrılanda dönüb qəbirdaşına baxdım… O kədərli gözlərdə sanki bir parıltı vardı… Gələcəyini bilirdi…

Qənirə Paşayeva