
İraq Federal Polis Təşkilatının rəhbəri Raid Cevdət yazılı açıqlamasında polis qüvvələrinin iki gündür davam edən əməliyyatlar nəticəsində Mosulun cənubunda 352 km ərazini İŞİD-dən azad etdiklərini bildirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, BMT-nin yaydığı məlumata görə, qaçanların sayının 1 milyona çata bilər.
Şiə hərbi qüvvəsi olan Haşdi Şabi təşkilatının lideri Hadi Amiri də onların Mosul mərkəzinə girməyəcəyini, oraya yalnız ordu və polis qüvvələrinin daxil olacağını açıqlayıb. Sünni lider və baş nazirin sabiq köməkçisi, Salih Mutlak Mosul xalqını İŞİD-ə qarşı ayağa qalxmağa səsləyib. Ölkə parlamentində Əl-Ərəbiyyə qrupunun rəhbəri olan Mutlak Mosulda mühasirədə qalan vətəndaşlara insan haqları prinsipinə uyğun davranılmasının vacibliyini vurğulayıb.
O, ölkədəki siyasi ixtilafları bir kənara qoyub, hər kəsi ordununu İŞİD-ə qarşı dəstəkləməyə çağırıb.
BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat toplantısında əməliyyatın ilk 36 saatında Mosuldan çox vətəndaşın ayrılmadığını, lakin irəliləyən günlərdə köçürülənlərin sayının artacağını bildirib. Onun sözlərinə görə, azı 200 min, ən pis ehtimalla isə 1 milyon nəfər deportasiya edilə bilər.
Nigar Cəfərli
Gununsesi.info












