“Böyük Qayıdış” hökumətin əsas prioritetidir - RÖVŞƏN RZAYEV/ ÖZƏL

  • By admin
  • 07 Avqust 2023 13:34

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında keçirdiyi püşkatma başa çatıb və 144 ailə ( 509 nəfər) mənzillə  təmin olunub.

Gununsesi.info-nun xəbərinə görə, həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıb.

Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gununsesi.info-ya özəl açıqlamasında bildirib ki, yaxən zamanlarda  həmin vətəndaşlarımız Füzuli şəhərinə köçürüləcək: “Bu, Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gedən bir prosesdir. Cənab prezident “Böyük Qayıdış” prosesinə şəxsən nəzarət edir. Onu da vurğulayım ki, bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq”.

 

Eyni prosesin işğaldan azad olunan digər rayonlarda da getdiyini vurğulayan “Qaçqınkom” sədri bildirib ki, yeni salınan yaşayış qəsəbələri əvvəlkilərdən xeyli fərqlidir: “İndi o torpaqlara qayıdan insanlar daha müasir bir qəsəbədə, şəhərdə yaşayacaqlar. Həmin insanların ən müasir səviyyədə yaşaması üçün bütün infrastruktur yüksək səviyyədə yaradılır. “Böyük Qayıdış” hökumətin əsas prioritetidir”.

Azad olunmuş torpaqlara qayıdan vətəndaşların iş probleminin olub-olmamasına gəlincə, Rövşən Rzayev bildirib ki, bu məsələ də dövlətin diqqətindədir: “Bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi məşğul olur. Onlar bu məsələni yüksək səviyyədə həll edir. Hesab edirəm ki, işğaldan azad olunmuş bölgələrdə vətəndaşların çalışması, yaşaması üçün imkanlar yüksək səviyyədə olacaq”.   

Füzuli Rayonundan olan deputat Vüqar Bayramov isə bildirib ki, Füzuli şəhəri dünyanın ən müasir şəhərlərindən biri olacaq: “Şəhərin  mərkəzində 5 hektar Memorial Kompleksi salınacaq. Orada İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı olacaq. Şəhəri əhatə edən yüksəklikdə Bayraq meydanı yaradılacaq. Füzuli şəhərində 21 hektarlıq Mərkəzi Park da salınacaq. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. Şəhərdə çox mərtəbəli binalar ilə yanaşı, az və ortamərtəbəli çoxmənzilli binalar da inşa ediləcək. Şəhərdə həyətyanı bağ sahələri olan fərdi evlər də tikiləcək. Qarabağ yenidən qurulur və bərpa edilir. Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək”.

Afət Abbasova

Gununsesi.info