Böyük qayıdış planı: Qarabağa ilk kimlər köçürüləcək? – Strateji Fəaliyyət Planı tamamlanmaq üzrədir

  • By admin
  • 22 Yanvar 2021 18:19

Ekspert Bəhruz Həsənov: “İlk növbədə öz təşəbbüsü ilə bərpa işlərinə başlamaq istəyən insanların işğaldan azad olunmuş ərazilərə maneəsiz gediş-gəlişinə icazə verilməlidir”

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı üzərində iş başa çatıb. Rəsmi mənbələrdən daxil olan məlumata görə, bu sənəd əsasında Tədbirlər Planı da hazırlanaraq ilkin müzakirələrdən keçib və aidiyyəti qurumlarla razılaşdırılıb. Ancaq konkret ərazilərin bərpası üzrə müəyyən edilmiş bölgü və qrafiklərlə bağlı bəzi korrektələrə ehtiyac yaranıb. Yaxın vaxtlarda bu məsələlərə dair də konkret qənaətə gəlinəcəyi gözlənilir.

Tədbirlər Planı hələ təsdiqlənməsə də, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı bəzi müddəalar artıq məlumdur. Belə ki, planda bərpa işlərinin məskunlaşma zonalarının miqyasından və iqtisadi potensialından asılı olaraq 3 mərhələdə aparılması təklif olunur. Birinci mərhələdə Cəbrayıl, Füzuli və Ağdam rayonlarının, ikinci mərhələdə Zəngilan,  Qubadlı, Kəlbəcər və Laçının, üçüncü mərhələdə isə Şuşa və Xocavənd rayonlarının bütün yaşayış məntqələri də daxil olmaqla, Dağlıq Qarabağ bölgəsi və Qazax rayonunun 7 kəndinin bərpası nəzərdə tutulur. İlkin sənədə əsasən bərpa və yenidənqurma işlərinə əvvəlcə rayon mərkəzlərindən və iri qəsəbələrdən başlanacaq. Eyni zamanda, Şuşa şəhərinin bərpasının da birinci mərhələyə aid ediləcəyi gözlənilir.

Bundan başqa, Strateji Fəaliyyət Planına uyğun olaraq, Qarabağa qayıdacaq məcburi köçkünlər üçün geniş sosial güzəşt paketi hazırlanır. Belə ki, işğaldan azad edilmiş rayonlarda fəaliyyət göstərən dövlət strukturlarında çalışan işçilərin maaşlarına 50 faizədək əlavələrin hesablanması, kənd təsərrüfatı və özəl sektora birdəfəlik yardımlar, faizsiz kreditlər və vergi güzəştləri təklif olunur.

 

Yazı pressklub.az saytında dərc edilib.

Gununsesi.org