Türkiyəli futbolçunun bozqurd işarəsi gündəm olub. Tərəfarlar da, əleyhdarlar da əyləncə olan futbolu siyasiləşdirir. Oyundur da, bu qədər ciddiyə almaq lazım deyil.
Mən başqa məqama diqqət yetirmək istəyirəm. Bu bozqurdun, onun simvollarının bizə nə aidiyyəti var? Niyə inadla bunu xalqımıza sırıyırlar?
Qurd və it totemləri qədim türklər və monqollara xasdır. Yəni köçəri monqoloid irqli etnoslara. Azərbaycan xalqının mütləq əksəriyyəti isə avropeiddir (əsas etibarilə çoxsaylı yerli avropeid etnosların və gəlmə passionar monqoloid türklərin qarışığından yaranmış və Rusiyanın yekun təsiri ilə vahid dilimiz formalaşmış gənc millətik). Nağıllarımızda belə qurd mənfi personajdır (Nizaminin “Xəmsə”sində də). “İt-qurd” sözü ümumiyyətlə təhqir xarakerlidir. Nağıllarımızın, orta əsr dövlətlərimizin bayraqlarının (Şirvanşahlar, Səfəvilər, Naxçıvan və İrəvan xanlıqları və s.) heyvan rəmzi isə şirdir (görün Bakının arxitekturasında nə qədər şir təsviri var!). Uzaqbaşı qoyun (Qaraqoyunlu və Ağqoyunlular). Qurd və it heç yerdə yoxdur axı bizdə! Həqiqi türk olan xalqların (qırğız, qazax, yakut və s.) isə hətta musiqisində də qurd elementi var (məsələn, qurd kimi ulamaq).
Heç Türkiyənin özündə də bozqurd ideologiyası birmənalı qarşılanmır. Çünki onlarda da monqoloid irqin genetik payı elə də çox deyil. Türkiyəlilər daha çox bizanslılar və digər yerli etnosların qarışığından formalaşan xaqldır. Qədim monqoloid türklərə aidiyyəti elə də çox deyil. Atatürkün millətçiliyi və hətta “Ne mutlu Türk’üm diyene” ifadəsi heç də dünya türkdilli xalqlarına aid deyildi. O, türkiyəliləri (Türkiyədəki bütün etnosları) ehtiva edirdi. Yəni vətəndaşlıq meyarına əsaslanırdı.
Biz də yalnız vətəndaşlıq meyarına söykənməliyik. Bəli, Türkiyə bizə ən yaxın, dost, qardaş, müttəfiq dövlətdir. Amma hər dövlətin öz maraqları var. Buna görə də gəlin aid olmadığımız (və ya az aid olduğumuz) genlərə, miflərə, totemlərə, simvollara və s. özümüzü bağlamayaq. Biz türkdilli olan azərbaycanlıyıq, öz adımız, dilimiz, dövlətimiz var. Milli ideologiyamız azərbaycançılıqdır. Hər birimiz özünü türk, ləzgi, tat, talış və s. hesab edə bilər – öz işidir. Amma bütün xalqa “Azərbaycan türkləri” demək olmaz. Heydər Əliyev də bunun əleyhinə idi: bir xalqın iki adı ola bilməz.
Bunu niyə yazıram? Ona görə ki, bu futbolçunun hərəkəti sabah gənclərimizə mənfi təsir göstərə bilər. Onlar da beynəlxalq aləmdə belə jestlər edə bilər. Onun mahiyyətinə varmadan, bizə aidiyyətini bilmədən. Boş yerdən özünə də, ölkəmizə də problem yarada bilər. Azərbaycanlı kişinin edə biləcəyi (xüsusilə dövlətimizi təmsil edərkən) vətəndaş jesti yalnız hərbi salam ola bilər. Yoxsa hansısa heyvana təxribatçı sitayiş jesti yox…
Vəkil Əkrəm Həsənov
Gununsesi.info