“BP Azərbaycan” şirkəti yerli işçilərin sayını kəskin azaldıb, əcnəbi işçilərin sayını isə artırıb.
Gununsesi.info bunu Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlıya istinadən xəbər verir.
M.Qəhrəmanlının sözlərinə görə, Britaniya şirkətinin Sualtı Əməliyyatlar Sualtı Bütövlülüyün təmini, Boru Kəmərləri və Mühəndislik üzrə Meneceri Nil Kitney təyin olunandan sonra yerli işçilərin sayı 2 dəfəyədək ixtisar edilib. Belə ki, Sualtı Əməliyyatlar İdarəsində 2016-cı ildə yerli işçilərin sayı 12 nəfər, əcnəbi işçilərin sayı 10 nəfər olubsa, 2018-ci ildə yerli işçilərin sayı 6 nəfər, əcnəbi işçilərin sayı isə 16 nəfər təşkil edib.
M.Qəhrəmanlı deyir ki, Nil Kitney ölkəmin qanunlarını kobud şəkildə pozur. “Xəzər Dənizinin Azərbaycan Sektorunda Azəri-Çıraq- Günəşli Yataqlarının Dərinlikdə Yerləşən Hissəsinin Birgə İşlənməsi və Neft Hasilatının Pay Bölgüsü Haqqında Sazişində “İşçi Heyəti” adlı 6.7-ci maddədə göstərilir:
– Yataqların tam miqyaslı işləndiyi sahədə ilkin hasilat başlanandan 5 il sonra Azərbaycan Respublikasının Vətəndaşları Mühəndis-Texniki İşçi vəzifələrin 90%-ni tutmalıdır.
Vüsalə
Gununsesi.info