BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 16-20 yanvar tarixlərində Bakıda işgüzar səfərdə olub.
BP qrupunun bir sıra yüksək səviyyəli mütəxəssislərinin də daxil olduğu səfərdə məqsəd şirkətin regiondakı biznesinin gedişi və əməliyyatçısı olduğu layihələr üzrə 2024-cü il üçün planlaşdırılmış işlərlə tanış olmaq olub.
Səfər zamanı Birrel şirkətin regiondakı işçi heyəti ilə də görüşüb və layihələrdəki hazırkı vəziyyət, görüləsi perspektiv işlər haqqında şirkətin regional rəhbərliyi ilə müzakirələr aparıb.
Q.Birrel BP-nin əməliyyatçısı olduğu və dənizdə yeni quraşdırılmış Azəri Mərkəzi Şərqi (ACE) platformasına səfər edib və bu ilin əvvəllərinə planlaşdırılmış ilk ACE neftinin əldə olunması üçün aparılan hazırlıq işləri ilə tanış olub.
Səfər proqramı çərçivəsində Birrellə Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və SOCAR-ın prezidenti Rövşən Nəcəf arasında işgüzar görüşlər də olub. Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və BP-nin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunub.
Gununsesi.info