BQXK-nin maşınları Xankəndiyə dərman apardılar

  • By admin
  • 28 Dekabr 2022 14:26

Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on yeddinci günüdür. Şuşadan keçən Xankəndi-Laçın yolunda mülki avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Gununsesi.info xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) daha üç avtomobili Laçın yolundan maneəsiz şəkildə hərəkət edib. Bundan əlavə olaraq isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına aid bir avtomobil də Laçın yolundan rahat hərəkət edib.

Qeyd edək ki, daha əvvəl erməni KİV saxta xəbərlər yayaraq azərbaycanlıların Laçın yolunu bağladıqlarını və avtomobillərin buraxılmadığını bildirirdilər.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandan Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Gununsesi.info