Braziliyada təbii fəlakət qurbanlarının sayı 120-yə çatdı

  • By admin
  • 18 Fevral 2022 18:36

Braziliyanın Petropolis şəhərində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 120-yə çatıb.

Gununsesi.info “Globo” telekanalına istinadən xəbər verir ki, həlak olanların 20-si yetkinlik yaşına çatmayan uşaqlardır.

Xilasedicilər 24 nəfəri dağıntılar altından sağ çıxara bilib. Bununla yanaşı, polisə itkin düşən 116 nəfərlə bağlı məlumat daxil olub. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxslərin xilas edilən və yaxud həlak olanlar sırasında olduğunu bilmir.

Hazırda 500 xilasedici, 200 polis, eləcə də hərbçi və könüllülər axtarış işləri ilə məşğuldur.

Şəhərin aid olduğu Rio-de Janeyro ştatının qubernatorunun sözlərinə görə, bu yağışlar 1932-ci ildən bu yana şəhərdə yağan ən güclü yağış olub.

Xatırladaq ki, fevralın 15-də Petropolisdə güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. 6 saatdan çox müddətdə bir kvadrat metrə 260 litr yağıntı düşüb. Bu, fevral ayında ölkənin bu bölgəsində qeydə alınan yağıntı normasından qat-qat çoxdur. Daha əvvəl yayılan məlumatda həlak olanların sayı 104 nəfər təşkil edirdi.

 

 

Gununsesi.info